“Böyük dəbilqə” seriyalı turnirlərin 22 qat çempionu və dünya reytinqinin keçmiş bir nömrəsi, ispaniyalı Rafael Nadal “Devis Kuboku”nun finalından sonra peşəkar karyerasını bitirəcəyini açıqlayıb.
“Mən sizə peşəkar tennisdən getdiyimi bildirmək üçün buradayam. Reallıq budur ki, çətin bir neçə il keçirdim, xüsusən də son iki ili qeyd edərdim. Bu qərar, şübhəsiz ki, çətin bir qərardır və qəbul etmək üçün məndən çox vaxt aldı. Ancaq bu həyatda hər şeyin başlanğıcı və sonu var və düşünürəm ki, indi uzun və təsəvvür edə bildiyimdən daha uğurlu olan karyeramı bitirmək vaxtıdır.
Çox şadam ki, mənim son turnirim “Devis Kuboku”nun finalı olacaq. Bu yarışda ölkəmi təmsil edirəm. Peşəkar tennisçi kimi ilk böyük sevinclərimdən biri 2004-cü ildə Sevilyadakı final olub”, – deyə Nadal sosial media hesabında bildirib.
Xatırladaq ki, “Devis Kuboku”nun final mərhələsi noyabrın 19-dan 24-dək İspaniyanın Malaqa şəhərində keçiriləcək.