“Kəpəz”in futbolçusu Valdemar Almeydanın futbolinfo.az saytına müsahibəsi

– “Neftçi” ilə matçda 4:3 hesablı qələbə qazandınız. Bu qaliibiyyəti gözləyirdiniz?

– Qələbə qazandığınız zaman həmişə xoş hisslər yaranır. Buna görə də 3 xala sevinirik.

– Qalibiyyət gələcək üçün motivasiyadır?

– Bəli, bu qələbə bizi növbəti oyunlar üçün motivasiya edəcək. Çünki həmişə ən çətin şey ilk xalları qazanmaqdır. Gələcəkdə daha yaxşısını etməyə çalışacağıq. Biz bu mərhələdən yararlanmalıyıq ki, bəzi aspektlərdə daha da təkmilləşək.

– “Neftçi” ilk qolu vursa da, uduzdu. Rəqibi hansı komponentlərdə üstələdiniz?

– “Neftçi” yaxşı komandadır və Azərbaycan üçün tarixi var. Amma “Kəpəz” də tarixi klubdur. Onlar da ilk qələbəni düşünürdü, biz də qazanmaqdan başqa heç nə haqda fikirləşmirdik. Göstərdik ki, mübarizə aparmaq və daha yaxşı nəticələr axtarmaq bacarığımız var. Bu qələbə daha yaxşı idi. Çünki iki dəfə hesabda geri düşdük, amma oyunu çevirməyi bacardıq.

– “Kəpəz” sonuncu pillədən necə qurtulacaq?

– Bütün bunların müsbət tərəfi odur ki, qarşıda hələ 3 dövrə var və bu, bizim üçün vəziyyəti dəyişmək baxımında yetərlidi. Bu cür davam etsək, istədiyimizi etmək imkanlarımız var.

– Qarşıda “Qarabağ”la oyun var…

– Bacardığımızı etməyə çalışacağıq. Rəqib güclü olsa da, yaxşı nəticə istəyirik.

FƏRİD

Shares: