Bir neçə gündən sonra Bakıda böyük bir tədbirə start veriləcək. COP29 adlı mötəbər tədbirin ev sahibliyi məhz Azərbaycana həvalə edilib.
Məlum olduğu kimi, COP29-un əsas məqsədi dünya iqlimindəki problemlərin həlli yollarının müzakirəsi və planetmizin daha da geriyə getməsinin qarşısının alınmasıdır.
Azərbaycan müstəqillik dönəmində bu miqyasda tədbirlərə bir neçə dəfə ev sahibliyi edib. Bunların təşkilatçılığı üçün müəyyən qədər təcrübəyə ehtiyac var. Belə bir təcrübəni isə ölkəmiz idman tədbrilərin təşkili ilə əldə edib. Heç şübhəsiz ki, Avropa Oyunları və İslam Həmrəyliyi oyunlarının təşkili ölkəmizə, kadrlara bu təcrübəni bəxş edib. Gələn qonaqların da sayını nəzərə alsaq , Formula 1 yarışlarının da müəyyən qədər kömək etdiyini görə bilərik. Belə ki, təşkilatçılıqda əsas məsələlərdən biri qonaqların yerləşdirilməsidir. Bu mənada, Formula 1 zamanı istifadə edilən təcrübənin önəmi böyükdür.
Bu gün Azərbaycanı dünyada kifayət qədər tanınıb. COP-un bu baxımdan bir qədər də yardımı olacaq. İdman uzun illərdir ki, bu işin öhdəsindən layiqincə gəlməyə çalışır. Ölkəmizdə keçirilən irimiqyaslı tədbirləri buna misal kimi çəkmək mümkündür. İdman auditoriyası ilə siyasi və elmi auditoriyanın fərqliliyini nəzərə alsaq , tanıtım baxımından geniş addım atılacağını görmək mümkündür.
COP-un faydalarının mənəvi tərəflərini bir kənara qoyaraq reallıqda nələrə xidmət edəcəyinə nəzər salmaq da lazımdır. Hər hansı bir ölkə böyük bir idman tədbiri, Olimpiada təşkil edərkən ilk növbədə infrastrukturu yeniləyir və onu müasir standardlara çatdırır. Sonradan həmin obyektlər xalqın xidmtinə verilir və gələcək nəslin həyatında vacib rol oynayır. COP-la bağlı da bunu söyləmək mümkündür. Qonaqların qəbul edilməsi üçün görülən işlər, şəhərin abadlaşdırılması, yolların yenidən qurulması təkcə gələn şəxslərə xidmət etməyəcək, tədbir bitdikdən sonra adi insanların istifadəsində olacaq.
Son vaxtlar paytaxtımızda kifayət qədər işlər görülüb. Bu, sakinlərin haqlı narazılığına səbəb olur. Yeniləmə işləri adi insanların həyat rejimini dəyişdiyinə görə müəyyən narahatlıqlara səbəb olur. Belə bir hal, daim olub və olacaq. İstənilən idman tədbirləri zamanı yerli əhalinin bir hissəsinin narazlığını hiss etmək mümkündür. Sadəcə olaraq, mümkün qədər bu narahatlıqları aşağı salmaq lazımdır. Çünki görülən işlərin əhaliyə də kifayət qədər faydası olur.
Misal üçün, çəkilən velosiped yolları əhali arasında sağlamlığın daha da yaxşılaşdırılmasına səbəb olmalıdır. Lakin bunu edərkən maksimum optimal variantı tapmaq lazımdır. Velosiped yollarının adi yolları daraltması onsuz da ciddi olan tıxac problemini kəskinləşdirir. Məhz bu amil narazılığa səbəb olur. Əslində, tıxac probleminin yaranmasının səbəbi yenicə salınan velosiped yolları deyil, paytaxtımızda ifrat sayda tikilən yaşayış binaları, şəhərin daxildən şişməsi, yol infrastrukturunun planlı şəkildə salınmamasıdır.
Ancaq COP29 tədbiri ilə əlaqədar görülən işlər sevinməyə əsas verir. Son vaxtlar paytaxtda kifayət qədər ağac əkilir. Bəzi yerlərdə sökülən köhnə tikililərin əvəzinə göydələnlər inşa edilmir, orada parklar salınır. Bu siyasət şəhərdəki qabarıq problemlərin qarşısını almağa xidmət etməlidir.
Şəhərin daxildən böyüməsi, ətraf ərazilərə çıxmaması Bakının havasında da müşahidə edilir. Paytaxtda yaşayan adi adam bunu gözlə görə bilir. Bu mənada, COP29-un ölkəmizdə keçirilməsi belə problemlərə daha ciddi yanaşmağa şərait yaratmalıdır. Ümumiyyətlə, hər bir ölkənin üzərinə düşən iş özündə ekologiyaya fikir verməkdir. Çünki ilk növbədə hər bir kəs bunu dərk etməli və təbiəti qorumalıdır. Belə olduqda bir şəhərin sakinləri öz yaşadıqları yerin, ölkədəkilər də ölkənin qayğısını çəkəcək. Daha sadə dildə desək, ekologiya hər bir kəsdən başlayır. Hamı öz yaşadığı yeri qorumalıdır.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu