“Qalib gələ biləcəyimiz komanda idi. Sadəcə, axırda bəzi səhvlərə yol verdik ki, o da minimal hesablı məğlubiyyətə gətirib çıxartdı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın basketbolçusu Endər Poladxanlı deyib. O, FIBA Avropa Kubokunda Belçikanın “Spiru” kollektivinə qarşı 81:82 hesabıyla bitən matç haqda danışıb.
Kapitan oyunda iştirak etməməsi ilə bağlı suallara aydınlıq gətirib: “Təəssüf ki, Çempionlar Liqasınının təsnifat mərhələsində zədə aldım. Buna görə də 2 ay komandamıza kömək edə bilməyəcəm. Bu da o deməkdir ki, Avropa Liqasının bütün qrup oyunlarını buraxacam. “Spiru” ilə oyunu qıraqdan izlədim. Çox gərgin mübarizə alındı. Qalib gələ biləcəyimiz komanda idi. İdmanda belə şeylər ola bilir. Əsas odu ki, uşaqlar oyunda həqiqətən canlarını qoyaraq, əllərindən gələni etdilər. Sadəcə, bəxt bizim tərəfdə deyildi. Növbəti matçlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Ardıcıl 3 ev oyunumuz var. Hər birində öz azarkeşlərimiz önündə qalib gəlməyə çalışacağıq. Qarşıdakı rəqibimiz “Marussi”dir. Məncə, qrupun ən güclüsü onlardır. Güclü kollektivə malikdirlər. Ona görə də bizim üçün asan olmayacaq. Hazırlaşmaq üçün 6 günümüz var. Ona kimi tam hazır olmalıyıq. İnanıram ki, qalib gələ biləcəyik”.
GÜNAY SÜLEYMANOVA