“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”.
Futbolinfo.az xəbər verir ki, bunu “Sumqayıt” basketbol klubunun yeni transferi Andrey Mateyunas klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı oyunçu “gənclik şəhəri” təmsilçisinin hədəflərindən və kollektivdəki ab-havadan danışıb:
“Təbii ki, azarkeşlərimizi parlaq oyunla və qələbələrlə sevindirmək istəyirik. Hazırda əsas məqsədimiz mövsümə uğurlu start verməkdir. Çox istərdim ki, azarkeşlər həmişə yanımızda olsunlar, oyunlara gəlib bizi dəstəkləsinlər. Onların sevinməsi üçün əlimizdən gələni edəcəyik”.
Mateyunas ölkəmizi və Sumqayıt şəhərini çox bəyəndiyini söyləyib:
“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Bura çox sakitdir, əla yerdir, ölkənizdə yaşamaq ürəyimcədir. Konkret Sumqayıt şəhərindən danışmaq lazım gəlirsə, onu deməliyəm ki, mən gələndə burada çimərlik mövsümünə yekun vuruldu. Amma şəhərə söz ola bilməz. Çox sakit şəhərdir”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.