Estoniya yığmasının hücumçusu, “Qəbələ” klubunun sabiq üzvü Sergey Zenyovun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində bu gün sizin də şərəfini qoruduğunuz Estoniya yığmasının qonağı olacaq. Şansları necə dəyərləndirirsiniz? Sizcə, görüşün favoriti kimdir?
– Fikrimcə, bu oyunun favoriti yoxdur. Çünki hər iki komanda eyni səviyyədədir. Düzdür, Azərbaycanla aramızda keçirilən sonuncu matçda biz məğlub olmuşuq. Həmin görüşü nəzərə alsaq, sizin yığmanı favorit saymaq olar. Lakin biz də meydana yaxşı nəticə üçün çıxacağıq, Azərbaycanla sonuncu oyunumuzdakı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Evdə, doğma azarkeşlərimizin önündə oynayacağıq. Qələbə qazanaraq onları sevindirmək istəyirik.
– Həm Azərbaycan, həm də Estoniya yığması qrupdakı ilk 2 oyununda uduzub. Qrupun digər iştirakçıları olan İsveç və Slovakiya millilərindən çox geri qalırıq?
– Bəli, bu vəziyyət həm bizi, həm də sizi məyus edir. Ən azından, turnir cədvəli vəziyyəti izah edir. Estoniya və Azərbaycan yığmaları İsveç və Slovakiya millilərindən zəifdir. Buna görə də bizə İsveç, Slovakiya kimi yığmalarla oynamaq çətin gəlir.
– Azərbaycan yığmasının heyətində kimin və ya kimlərin oyununu bəyənirsiniz? Sizcə, millimizin ən təhlükəli futbolçusu kimdir?
– Hazırkı heyətinizdə vaxtilə “Qəbələ”də bir yerdə oynadığım futbolçulardan heç kim yoxdur. Bəlkə də kiməsə qarşı oynamışam, amma dəqiq yadıma gəlmir, üstündən çox vaxt keçib. Məşqçilər korpusu bizə Azərbaycan yığması ilə bağlı bütün lazımi məlumatları verib. Hər bir futbolçunuzu ayrı-ayrılıqda təhlil etmişik. Konkret kimisə fərqləndirmək istəmirəm. Bir onu deyə bilərəm ki, Azərbaycan yığması yaxşı, möhkəm komandadır. Heyət keyfiyyətli futbolçulardan qurulub. Mənə görə, Azərbaycan millisi bütün rəqiblərinə qarşı layiqli mübarizə göstərir.
– Bugünkü matça start heyətində çıxacaqsınız?
– Kimin oynamasından asılı olmayaraq, əsas odur ki, yaxşı nəticə qazanaq. İlk 2 matçda uduzsaq da, komandadaxili ab-hava normaldır.
– Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş haqda nə deyə bilərsiniz? Sizcə, o, millimizlə yaxşı nəticələrə imza ata biləcək?
– Bunu demək çətindir, zaman göstərəcək. Ona və Azərbaycan yığmasına bugünkü matç istisna olmaqla, uğurlar arzulayıram (gülür). İstərdim ki, Estoniya ilə oyunlardan başqa bütün matçlarda milliniz azarkeşləri sevindirə bilsin.
– “Qəbələ”də baş məşqçiniz olmuş Roman Qriqorçukun Azərbaycandakı ikinci fəaliyyəti uğurlu alınmadı. “Neftçi” onun rəhbərliyi altında çıxdığı 9 oyunun heç birində qələbə qazana bilmədi, nəticədə Qriqorçukla yollar ayrıldı. Onun uğursuzluğu sizin üçün gözlənilməz olmadı? Nəyə görə ukraynalı çalışdırıcı “Neftçi”də heç nə edə bilmədi?
– “Neftçi”ni turnir cədvəlində sondan ikinci pillədə görəndə çox təəccüblənmişdim. Açığı, ilk baxımdan klubun maddi problemlərlə üzləşdiyini, büdcəsinin azaldığını ehtimal etmişdim. Sonra dəqiqləşdirdim və gördüm ki, belə bir şey yoxdur. Bundan sonra təəccübüm daha da artdı. Qriqorçukun “Neftçi”dəki fəaliyyətinin niyə belə alındığını bilmirəm. Amma bu, dəqiqdir ki, işlər plan üzrə getməyib. Futbolda bəzən belə hallar da olur.
– Bildiyiniz kimi, “Qəbələ” hazırda I Liqada çıxış edir. Sabiq komandanızın nəticələri ilə maraqlanırsınız? Sizcə, “qırmızı-qaralar” gələn il Premyer Liqaya qayıda biləcəklər?
– Əvvəl daha çox maraqlanırdım. Mən ayrılandan sonra “Qəbələ”də eniş, sonra yenidən yüksəliş yaşandı. Ondan sonra yenidən eniş baş verdi və komanda aşağı liqaya düşdü. O cür infrastruktura, meydançalara malik klubun Premyer Liqadan uzaq qalması məyusedicidir. İstəməzdim belə olsun, amma bu da futbolun bir hissəsidir. “Qəbələ”yə uğurlar arzulayıram. Ümid edirəm ki, gələn il Premyer Liqaya qayıda biləcəklər.
FƏRİD