Amerikanın “Tampa Bay Rays” beysbol komandasının ev oyunlarını keçirdiyi “Tropicana Field” arenasının damı Florida ştatının körfəz sahillərini vuran Milton qasırğası nəticəsində ciddi ziyan görüb. Bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, damı örtən parçanın böyük hissəsi qopub. Stadionda qasırğa zamanı xilasedicilər və yerli fövqəladə hallar xidmətlərinin əməkdaşları toplaşıblar. Arenada olan insanlar xəsarət almayıb. Stadionun daxilində dağıntılar barədə məlumat verilməyib.
Arenanın damı etilen-tetrafloroetilendən hazırlanıb. Komanda nümayəndəsinin sözlərinə görə, arenanın tikintisi zamanı küləyin sürətinin 185 km/saata çatacağı nəzərə alınıb.
Xatırladaq ki, Milton qasırğasının maksimal sürəti 160 km/saatdan çox olub. Yüzdən çox evin dağıldığı məlumdur.