Fernandu Santuşun oyunöncəsi xahişi də işə yaramadı. Ad günündə qələbə hədiyyəsi istəyən portuqaliyalı məşqçi bunu etməli olanların imkanına, bacarığına, potensialına diqqət etmədən ümid bəsləyirdi.

Olmadı. Santuşa qalan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdən aldığı 70 nömrəli köynək oldu. Milli komanda isə qrupun ən zəifi olan Estoniyaya 1:3 hesabı ilə uduzdu. 2028-ci ilədək yığmamıza böyük uğur qazandırmaq vədi ilə gətirilən portuqalyalının yetirmələri gözümüz önündə daha aşağı liqaya gedir. Bəlkə də sürət götürmək üçün edir? Geri çəkilib irəli daha yaxşı qaçmaq üçün…

Qrupda məğlub etmək, ən azı səfərdə uduzmamaq üçün ən uyğun rəqib estonlar idi. Top fərqini də nəzərə alsaq, millimizin bu məğlubiyyətin əvəzni evdə çıxacağı, qrup sonunculuğundan qurtulacağı demək olar, mümkünsüzdür. Andorra, Farer adaları, Cəbəllütariqlə eyni liqaya enəcəyimiz gün uzaqda deyil.

Matçdakı epizodlardan çox danışmaq olar. Buraxılan qolla fərdi səhvlərin yox, komanda səhvinin nəticəsi, taktiki yanlışlıq idi. Və bunu Santuşun vicdanına yazmalıyıq. Birinci hissədə yaxşı oynamaq isə aldadıcı görüntü idi, topa daha çox sahib olmaq xal vermir. Rəqibn hər fürsətdən maksimum yararlanması ustalıq səvyyəsnin göstəricisi, eyni zamanda futbol ilahəsinin diqtəsi idi. Bu qədər yanlış idarə olunan ölkənin futbolu qələbə görə bilməzdi, ilahi ədalət var.

AFFA prezidenti Rövşən Nəcəf üçün qalaqlanan məğlubiyyətlət statistikası onun səhvlərinin nəticəsi deyil. Elxan Məmmədovun 16 illik fəaliyyətsizliyinin meyvəsini indikilər dərir. Yarıtmaz işi ilə ölkə futbolunu tar-mar edən bu şəxsdən indikilərə ancaq uğursuzluq miras qalıb.

Amma Nəcəf də elə əvvəlkilər kimi işləyir, onun əkdiyi ağaclar daha zəhərli meyvələr verəcək. Faktiki heç nəyi dəyişməyən, dəyişə bilməyən, dəyişmək istəməyən yeni AFFA rəhbərliyinin yaratdığı xaos daha canalıcı olacaq.

Azərbaycan futbolunda heç nə dəyişməyib. Sadəcə, xarabalıqdakı bayquşlar dəyişib.

FƏRİD

Shares: