2017-2018 mövsümündə Azərbaycanda çalışmış Yuri Maksimovun yenidən ölkəmizə köçmək variantı yaranıb.
Futbolinfo.az xəbər verir ki, bunu ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında deyib.
O bildirib ki, yay fasiləsində “Şamaxı”dan təklif alıb: “Dnepr-1”dən ayrıldıqdan sonra yay fasiləsində Azərbaycandan təklif almışdım. Məni Azərbaycan Kubokunu qazandığım komandaya (“Şamaxı”) dəvət etdilər. Ancaq həmin variant baş tutmadı. İndi isə başqa komanda ilə bağlı seçim var. Bu variant üzərində düşünürəm, ona görə də ad çəkməyim doğru olmaz”.
Maksimovun adını çəkmədiyi klub “Sumqayıt”dır. “Kimyaçılar”da Samir Abasovun gedişi rəsmən açıqlanmadığı üçün o, sözügedən variantı gizli saxlayıb. Bununla bağlı bir neçə gün öncə yazmışdıq. Abasovun “Neftçi”yə gedişindən sonra onun da ölkəmizə yolu açılır. Amma ukraynalı mütəxəssis indi gəlməyə tərəddüd edir. O, məsələni qışadək uzatmaq, digər variantlara baxmaq istəyir. “Sumqayıt” rəhbərliyi isə bütün şərtlərdə razılaşdığı mütəxəssisin təyinatını bir an öncə reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, 2017-18 mövsümündə, “Şamaxı” “Keşlə” adı altında çıxış etdiyi zaman Yuri Maksimovun rəhbərliyi altında Azərbaycan Kubokunu qazanıb. O zaman futbolçu olan, indi isə “Sumqayıt”ın əvəzedicilərini çalışdıran Vaqif Cavadov Maksimovun köməkçisi olacaq.