Keçirdiyi hər 3 oyunda məğlub olan komandanın, aşkar autsayder olan millininin qrup liderlərindən birinə qarşı oyununda hansı perspektiv və ya şanslarından danışmaq olar? Fernandu Santuşun başçılığı altında UEFA Millətlər Liqasında İsveç, Slovakiya və Estoniyaya məğlub olan millimizin növbəti oyunda uğur qazanmaq üçün nə etməli olduğunu yazmaq nə dərəcədə doğrudur?

Nəzərə alaq ki, rəqib son Avropa çempionatında 1/8  finala qədər yüksəlib və az qala turnirin finalçısı İngiltərə seçməsini də mübarizədən kənarlaşdıracaqdı. Yəni indiki vəziyyətdə “cırtdan”ın “div”lə mübarizədən qalib ayrılacağını, ən pis halda nəhəng rəqibini büdrəcədəcəyini idda etmək və ya yol göstərmək absurddur. Bəli, istər nağıllarda, istərsə də, futbol matçlarında “cırtanlar”ın “divlər”i aşırtdıqlarını eşitmişik və ya görmüşük. Amma “bu həna o hənadan deyil”.

Millimiz tarixin müxtəlif dövrlərində istər Bakıda, istərsə də səfərdə Slovakiya yığmasını məğlub etməyi bacarıb. Amma bu, həmişə epizodik xarakter daşıyıb. Slovaklar bizi məğlub etdikləri oyunların sayını-hesabını itirib. Biri elə ötən ay reallaşıb. Amin Seydiyevin “şou” göstərdiyi matçda millimizi 2:0 hesabı ilə məğlub etmişdilər.

Qəbahəti böyük olan və azərbaycanlı azarkeşlərin könlünü sındıran bir komandanın slovakları saxlamaq üçün nə edəcəyini düşünmək tənbəl uşağın çətin bir riyazi məsələni həll etməsinə bənzəyir. Biz bunu yazmağa tənbəllik etməyəcəyik, amma komandamız çətin riyazi məsələni həll edə bilməyəcək. Doğrudur, oyun Bakıda keçiriləcəyindən, hansısa bir ümid qığılcımı görünə bilər. Tarix boyu bundan da zəif olduğumuz dövrlərdə Bakıda özümüzdən güclüləri büdrədə bilmişik. Ona görə də Slovakiya dünya nəhəngi olmadığından, bəlkə də paytaxtda qanad sala bilərlər. Hər halda, Estoniya yığmasını da səfərdə asanlıqla məğlub edə bilməmişdilər. Amma bu görüşdə qələbə belə bizə heç nə verməyəcək. Əksinə, yenə də federasiyada əyləşənlər başının altındakı yastığı yüngülləşdirəcək və bir qədər də yuxuya gedəcəklər.

Bizdən sonra Françesko Kaltsonanın komandası yalnız İsveçlə oynayıb. Onları yaxşı tanıyırıq və 1 oyuna da cüzi dəyişikliklər diqqət çəkib. Elə həmin dəyişikliklərdən və ümid qığılcımlarından danışacağıq.

Əvvəlcə onu qeyd edək ki, ötən ay bizimlə oyunda zədə səbəbindən meydana çıxmayan “Nyukasl”ın qapıçısı Martin Dubravka artıq mövqeyinə qayıdıb. İsveçlə oyunda meydana məhz o çıxmışdı. Hər halda, bizimlə oyunda onların qapısını kimin qoruyacağı önəm kəsb etmir. Guya səfərdə Marek Rodakın qapısına yol tapa bilmişdik ki?!

Müdafiə xəttinə gəlincə, Kaltsona bizimlə İsveç arasındakı oyunlarda arxada müəyyən dəyişiklilərə əl atdı. Komandamıza qarşı matçda müdafiənin mərkəzində Milan Şkrinyarla yanaşı “Kalyari”nin  üzvü Adam Obert qərarlaşmışdısa, İsveçlə matçda “Volfsburq”un arxa xətt oyunçusu Denis Vavro həmin mövqeni tutdu. Obertlə müqayisədə Vavro daha təcrübəli oyunçudur.

İtaliyalı baş məşqçi sol cinaha toxunmayıb. Ötən ay olduğu kimi yenə də “Feyenoord”un sol cinah müdafiəçisi David Hançko başımıza oyun açmağa çalışacaq. Amin Seydiyev onun öhdəsindən gələ bilmədi, görək Abbas Hüseynov meydana çıxacağı halda hansı məharətini göstərəcək. Sağ cinaha gəlincə, bizə qarşı Səudiyyə Ərəbistanın “Əl-Xolud” klubunun üzvü Norbert Qyomber meydana çıxmışdısa, skandinavlarla matçda komandanın ən çox forma geyinən futbolçusu (132 dəfə) Martin Pekarik qazona qədəm basmışdı. Ola bilsin ki, bizimlə oyunda 37 yaşlı futbolçuya istirahət verilsin. Deməli, burada yenə də Qyomberi gözləyək.

Yarımmüdafiə xəttinə gəlincə, son iki matçda mərkəzdə iki oyunçu mövqeyini qoruyub. Həm bizə, həm də isveçlilərə qarşı Ondrey Dudayla Stanislav Lobotka mübarizə aparmışdı. “Verona” və “Napoli”nin futbolçularının təqdimatına ehtiyac yoxdur. 29 yaşlı bu iki futbolçu karyeralarının pik dövrlərini yaşayır. Komanda həm geri çəkilərkən, həm də hücuma qoşularkən faydalı iş əmsalı ilə yadda qalırlar. Mərkəzdə onlara təkbətək mübarizədə problem yaşada biləcəyimizdən danışmağa dəyməz. Ümidi onlardan aralanıb əks-hücuma çıxmaqdır. Yarımmüdafiə xəttində yeganə dəyişiklik isə 37 yaşlı Yeray Kutska ilə “Yunion Berlin”də çıxış edən Lazlo Beneşdir. Kutska bizə, Beneş isə isveçlilərə qarşı oynadı.

Kaltsona hücumda heç bir dəyişiklik etməyib. Yenə də hücumun sivri ucunda hazırda Avropa komandalarının diqqət mərkəzində olan “Slovan”ın forvardı David Streleç qərarlaşıb. Bu futbolçu bizə 1, İsveçə isə 2 qol vurdu. Yəqin ki, onu yenə də Bakıda oynadacaq. Çünki keçən oyun xal itirdiklərindən qələbə üçün alışıb yanacaqlar. Belə vəziyyətdə isə baş məşqçi “vuran ayağı” “kəsib atmaz”.

Cinahlarda isə Praqa “Sparta”sından Lukas Haraslinlə “Verona”lı Tomas Suslov qərarlaşıb. Onların yenə də start heyətində meydana çıxacağını isə əminliklə söyləmək olmaz.  Amma çətin ki, baş məşqçi “Jilina”dan David Dürişlə “Slovan Liberets”dən Lübomir Tuptanı bu mövqelərə təhkim etsin. Amma “Boavişta”dan Robert Bojeniki də meydanda görsək, təəccüblənməyək.

O ki qaldı, rəqibin hücumlarını necə zərərsizləşdirməyə, cinahları bağlaya bilsək, təhlükəni yetərincə azaldarıq. İlk oyunda belimizi məhz cinahlardakı reydlərlə qırdılar. Uzaqdan zərbələrdə də mahir ustadılar. İsveçə vurduqları iki qol uzaqdan zərbələrdən qayıdan toplara görə oldu. Zərbə dəqiq alınmayanda belə qayıdan topları ələ keçirə bilirlər. Bu da növbəti qol təhlükəsi deməkdir. Görək bu dəfə nə olacaq?!

FƏRİD

Shares: