2025-ci il Avstraliya qran-prisinin biletlərinin satışı çərşənbə axşamı başlamalı idi. Lakin bilet operatoru “Ticketmaster”də baş verən nasazlıq səbəbindən satış proseduru çərşənbə günü açılıb. Azarkeşlər arasında tələbatın həddindən artıq yüksək olduğuna görə, şənbə və bazar günlərinə bütün biletlər bir saatdan az müddətdə satılıb.
Hazırda cümə günündə baş tutacaq sərbəst yürüşlərə məhdud sayda bilet satışda qalmaqdadır. Lakin onların da tez bir zamanda tükənəcəyi gözlənilir.
Xatırladaq ki, bu il yarış həftəsonu zamanı “Albert Park”ı 452 055 tamaşaçı ziyarət etmişdi. 2025-ci ildə təşkilatçılar daha çox azarkeş gözləyirlər. Gələnilki mərhələyə qədər tribunaların tutumu bir qədər artırılacaq.
Melburndakı qran-priyə yerli azarkeşlərin marağını başa düşmək olar, çünki 2025-ci ildə iki avstraliyalı pilot starta çıxacaq. Bunlar Oskar Piastri və Cek Dueyndir. Onlardan əlavə yeni zelandiyalı Liam Lousonu da yaddan çıxartmaq olmaz.