Samir Abasovu ikincidəfə baş məşqçi təyin edəcək “Neftçi” rəhbərliyinin bu addımının səbəbi bəlli olub. Bir çox əcnəbi mütəxəssislə danışıqlardan sonra üstünlük yerli məşqçiyə verilib.
Futbolinfo.az xəbər verir ki, namizədlər siyahısında anlaşmaq üçün ən real şans Sergey Yakiroviçdə idi. Lakin Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi ilə razılıq əldə olunmayıb. Bosniyalıdan cari mövsümdə avrokuboka vəsiqə qazanmaq, növbəti mövsüm çempion olmaq və qitə arenasında uğurlu çıxış etmək tələb olunub. O isə bahalı transferlər, çok yüksək maaş tələb edib. Dəqiq heç nə vəd etməyən, sadəcə, yaxşı nəticələr üçün çalışacağını deyən Yakiroviçlə danışıqlar dayandırılıb.
“Neftçi” rəhbərliyi ictimai rəy də nəzərə alıb. Ardıcıl 4 əcnəbi məşqçi ilə yaşanan fiaskodan sonra yerli mütəxəssislə yola davam etmək qərarı verilib. Bu rola ən uyğun namizəd kimi isə Abasov seçilib.