Azərbaycan milli komandasının sabiq hücumçusu Nadir Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Millətlər Liqasında Estoniya ilə oyunda yığmamızdan qələbə gözləsək də, bu görüşdə də məğlubiyyətlə üzləşdik. Nəticə sizin üçün də gözlənilməz oldu, yoxsa komandamızın səfərdə uduzacağını öncədən təxmin etmişdiniz?

– İnanmırdım ki, milli estonlara məğlub olsun. Nəticə mənim üçün də gözlənilməz oldu.

– Baş məşqçi Fernandu Santuşun bu oyun üçün seçdiyi taktiki sxem nə dərəcədə doğru idi? Estoniya kimi dişimizə uyğun rəqiblə oyuna 3 mərkəz müdafiəçisi ilə çıxmaq portuqaliyalı çalışdırıcının rəqibdən çəkindiyini göstərmir?

– Rəqibdən çəkindiyini deməzdim, çünki oyunda daha çox hücum edən tərəf millimiz oldu. Problem tək müdafiə xəttində deyildi. Komanda şəklində müdafiə olunarkən boşluqlar verirdik. Son oyunlarda rəqiblər çox rahatlıqla cərimə meydançamıza qədər gələ bilirlər. Əlimizə düşən qol imkanlarından istifadə edə bilmirik, amma rəqib komanda çox asanlıqla qol vurur.

– Kapitanlıq sarğısının yığmada az sayda oyun keçirmiş Abbas Hüseynova verilməsini necə qarşıladınız?

– Abbasın bu oyuna kapitan sarğısı ilə çıxmasını normal qarşıladım. Millidə az oyun keçirsə də, kifayət qədər təcrübəli futbolçudur. Sadəcə, məşqçinin kapitanlıqla bağlı açıqlamasına təəccübləndim.

– Millimiz bu gün Slovakiyanı qəbul edəcək. Bu görüşdən yaxşı nəticə ilə ayrılmaq şansımız varmı?

– Təbii ki, milli komandamızın bu gün qələbə qazanmasını istəyirəm. Slovakiya ilə matçda da inamsız oynasaq, nəticə daha ağır olacaq. Nəzərə almaq lazımdır ki, budəfəki rəqib Estoniya millisi deyil, daha təcrübəli komandadır.

– Budəfəki Millətlər Liqasını da boşa verdik. Santuşdan seçmə mərhələdə nəsə gözləməyə dəyər?

– Hər dəfə deyirik ki, Millətlər Liqasında olmadı, gələn seçmə mərhələyə hazırlaşaq. Amma yenə də dəyişən bir şey olmur. Danışılacaq çox söz var. Futbolumuzda xeyli problem mövcuddur. O problemlər düzəlməsə, inanmıram ki, yaxşı nəticələr olsun.

– Millinin əsas problemlərindən biri də hücumdakı dişsizliyidir. Siz də vaxtilə hücumçu olmusunuz. Yaratdığımız qol epizodlarından niyə lazımınca fərqlənə bilmirik?

– Hücumda oynayan futbolçular öz komandalarında da olduqca az qol vururlar. Hücumçu qol imkanlarını boşa verdikcə özünəinamı azalır. Məşqçilərin çox seçim imkanı da yoxdur. Mən problemlərin əsas səbəbi kimi rəqabətin olmamasını qeyd edərdim. Rəqabət yaranmasa, futbolda çox çətinliyimiz olacaq. Ümid edirəm ki, futbolçularımız Slovakiya ilə matçda həm baxımlı oyun, həm də yaxşı nəticə ilə bizi sevindirəcəklər.

ABBAS

Shares: