Oktyabrın 11-13-də Azərbaycan Taekvondo Federasiyasının dəstəyi, “Ümid” TK və “Alpman” TK-nın təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında olimpiya idman növü olan taekvondo üzrə beynəlxalq turnir keçirilib.

Futbolinfo.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.

Açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Hikmət Səmədov və ATF rəsmiləri iştirak ediblər. Fəxri qonaqlar sırasında isə MMA döyüşçüləri Tofiq Musayev, Vüqar Kərəmov, idman səfiri Fəridə Əzizova, olimpiya çempionu paralimpiyaçımız İmaməddin Xəlilov, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da yer alıb.

Dünya Taekvondo Federasiyasının standartlarına uyğun keçirilən üç günlük yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan və Gürcüstanın taekvondo klubları da iştirak edib. Bu mötəbər turnirdə 45 klubdan 649 taekvondoçu mübarizə aparıb. Gərgin və həyəcanlı anlarla bol olan yarışda müxtəlif çəki üzrə olduqca maraqlı döyüşlər keçirilib.

Taekvondo üzrə ikiqat Avropa çempionu, Azərbaycan Taekvondo Federasiyasının kiçik yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi, “Ümid” Taekvondo Klubunun təsisçisi və rəhbəri olan İlkin Şahbazov və Alpman Taekvondo Klubunun direktoru Zahid Nadirovun rəhbərliyi ilə keçirilən beynəlxalq turnir bir daha Azərbaycanda taekvondo idman növünə olan marağın çox olduğunu göstərib.

Shares: