Qayıtdıq başladığımız yerə… Siz inad edəndə də eyni şeyi deyirdk, indi qanadı qırılmış halda tövşüyəndə də…

Nə gərək vardı? Sənin futbolda bəlli potensialın var, potensialı yaxşılaşdırmadıqca, yeni futbolçu nəsli, istedadlı kadrlar yetişdirmədikcə milli komandaya dünyanın məğlubedilməz məşqçisini də gətirsən, nəticə dəyişməyəcək.

Yox, siz (oxu: AFFA rəhbərliyi – müəl.) ad-sana, saxta reklama üstünlük verdiz. Avropa çempionu olmuş Fernando Santuşun bunu Portuqaliya yığması ilə, Kriştianu Ronaldo ilə bacardığını unutduz, onun mütləq ətirli konfet düzəldəcəyinə inandız.

Və budur, Santuş ən biabırçı start müəllifi kimi tarixə düşür. Yığmamız ardıcıl 4 oyunda məğlub olmaqla Millətlər Liqasında daha aşağı liqaya enməyin astanasındadır. Qurban Qurbanovun 2-ci yeri tutmasını bəyənməyənlər indi Santuşun 4 oyuna 0 xalına çəpik çalır.

Uduzmağı Arif Əsədov da bacarardı, Ayxan Abbasov da, Rəşad Sadıqov da, Samir Abasov da. Hətta inanın, indikindən daha yaxşı nəticə göstərməklə… O zaman 3-4 milyonu hansısa portuqaliyalının cibinə qoymağa nə lüzum vardı? O puldan daha səmərəli istifadə etmək olmazdımı?

Slovakyaya məğlubiyyət siz AFFA rəhbərliyinin işəyaramaz tiplər olduğunuzun növbəti sübutudur. Digər yığmalar kimi əsas milli komanda da biabırçılıqları sıralayır və Rövşən Nəcəfin layiq olmadığı posta gətirildiyini isbatlayır. Elxan Məmmədovun tayı olan bu şəxs də səriştəsizliyi, bacarıqsızlığı ilə kölgəyə atdığı əsl mütəxəssislərin nüfuzunu hər keçən gün artırır. Nə fayda? Futbol təsərrüfatını dirçəltməyə qadir insanlar qalıb kənarda, pul dağdan bir dəstə sələfləri kimi davranır.

Azarkeşlərin, əsl milli təəssübkeşlərinin günahı nədir? Siz AFFA rəhbərliyi milyonlar qazanasız, qohumlarınızı, dost-tanışlarınızı yerbəyer edəsiz deyə onlar əsəblərinimi korlamalıdır? Bu dövlətin milli atributlarına bu qədər hörmətsizlik edilməsi sizə zövqmü verir? Sizdən heç kim nəticə istəmir, yetər ki, gələcək üçün doğru işlər gördüyünüzü göstərəsiz. Amma siz bu günü də məhv edirsiz, sabaha da ümid yeri qoymursuz.

Adlı-sanlı Santuşu milli komandaya baş məşqçi qoymaqla qələbə qazanılmır. Mərhum Bəxtiyar Vahabzadənin dediyi kimi: “Kasıb kasıblığını gizlətmək üçün itinin adını Gümüş çağırır”. Lətifəsi portuqaliyalıdan uzaq, amma AFFA-nın illərdir etdiyinin başqa adı yoxdur.

Yenə qrup sonuncusuyuq. İsveçi, Slovakiyanı dünya nəhəngi sayanların Estoniyaya məğlubiyyətdən sonra bəhanəsi qalmayıb. AFFA prezidenti Nəcəfi və dəstəsini hətta ilk 4 illik dönəmləri bitmədən qovmaq lazımdır. Bu adamlar betərin betəridir. Günlər qızıla bərabərkən illəri itirməyə gərək yoxdur. Ölkə futboluna nizam gətirəcək, ağıllı strategiya seçəcək, düzgün inkişaf yolu tutacaq insanları tapmaq, futbolu onun bilicilərinə tapşırmaq lazımdır. Bu ölkənin insanlarının hər sahədə, o cümlədən futbolda böyük potensialı var. Yetər ki, atın qabağına ət, itin qabağına ot qoyulmasın.

Bala, kişi kimi davranın! Rədd olun, bacarmadığınız işdən beşəlli yapışmayın.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp