UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya ilə oyunda Azərbaycan millisini meydana kapitan kimi çıxaran Bədavi Hüseynov karyerasında 75-ci dəfə komandamızın formasını geyinib.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi bununla millidə ən çox oyun keçirənlərin siyahısında 7-ci pilləyə yüksəlib. O, aktivlərində 75 matç olan Mahmud Qurbanov və Tərlan Əhmədova şərik olub. Hüseynov noyabrda baş tutacaq hər iki matçda iştirak edəcəyi təqdirdə Mahir Şükürovu (76) geridə qoyacaq və 5-ci sıradakı Qara Qarayevə (77) çatacaq.

Bədavi Hüseynov həmçinin, 2-4-cü pillələrin sahibləri olan Maksim Medvedev (81), Aslan Kərimov (80) və Kamran Ağayevdən (79) də çox uzaqda deyil. Kapitan milliyə müntəzəm dəvət alsa, artıq DÇ-2026-nın seçmə mərhələsi zamanı yığma tarixinin ən çox oyun keçirən ikinci futbolçusuna çevrilə bilər.

Millimizin rekordçusu isə 111 görüşdə iştirak etmiş Rəşad Sadıqovdur.

Shares: