Böyük futbolun əsas inkişaf istiqamətlərindən biri, bəlkə də elə birincisi uşaq futbolunun tərəqqisidir. Odur ki, bu sahəyə diqqət və qayğı əsas məsələlərdən olmalıdır.

Ölkəmizdə uşaq futbolunun inkişafı qarşıya qoyulmuş əsas prinsiplərdən hesab olunur. İrəliləyiş yolunda atılan addımlar sırasında məşqçilərin iş fəaliyyəti ön sıradadır.

Azərbaycan futbolunda xüsusi çəkiyə malik bölgələrindən biri Aran zonasıdır. Bu regionun futbolunu da Yevlaxsız təsəvvür etmək çətindir. Yevlaxın futbolumuza verdiyi töhfələr bunu deməyə əsas verir.

Töhfə deyərkən ilk növbədə Yevlaxın yetişdirdiyi futbolçular göz önündə canlanır. Kənan və Sahil Kərimov qardaşları, Elşad Əhmədov, Şaiq Əhmədovun sıraladığı siyahını uzatmaq da olar.İndi əsas məsələ onların davamçılarını yetişdirməkdir.

2242f38b 2c86 4b88 815e d595d22a9535 - Futbolinfo.az

Rəşad Yusifov (məşqçi): “Xeyli perspektivli yeniyetmələr var. Demək olar ki, gələcəkdə onların yerini tuta biləcəklər. Bundan başqa, aşağı yaş qruplarında da istedadlı uşaqlar var. Onlara da böyük ümidlər bəsləyirik. Yaxın illər ərzində Yevlaxın yenidən milli komandalara futbolçu verəcəyini düşünürük”.

Yusifov qarşılarına əsasən uşaq futbolunun inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsini prioritet məsələ kimi qoyduqlarını deyir. Elə regiondakı istedadlı futbolçuları Yevlaxda bir araya gətirəcək akademiyanın da bu işin tərkib hissəsi olacağını bildirir: “Əlbəttə, rayonumuzda futbol akademiyasının olması işimizə çox böyük təkan verər. Çünki rayonumuzun özündən və kəndlərində azyaşlıların futbola böyük marağı var. Onların içərisində istedadlı uşaqlar yetərincədir. Akademiyanın olması uşaqların futbola gəlməsini daha da sürətləndirəcək. Çünki “Karvan”ın timsalında böyük futbolun yenidən Yevlaxa qayıtması ilə futbol bölməsinə gələnlərin sayında ciddi artım müşahidə edirik”.

014af69c 5da2 4967 9580 6a8583e63ba3 - Futbolinfo.az

Bölgələrdə akademiyaların yaradılması ilə yanaşı, təməl prinsip onların qorunub saxlanılmasıdır. Yevlaxın futbol üçün resurs və şərait baxımından imkanları çox genişdir. Futbol akademiyasının olması burada yetişəcək futbolçuların gələcəkdə Azərbaycan futboluna böyük xeyir verəcəyinə inamı artırır.

BƏHRUZ MUSAYEV, YEVLAX

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp