Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Slovakiyaya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

– Məğlubiyyəti necə şərh edərdin?

– Qırmızı vərəqəyə qədər hər şey yaxşı idi. Azlıqda qaldıqdan sonra oyun qırıldı. Matç haqqında deyəcəyim başqa bir şey yoxdur.

– Necə düşünürsən, hakimin sənə göstərdiyi hər iki sarı vərəqə doğru idi?

– Ardıcıl 3 oyunda qələbə qazana bilməyəndə emosional olursan. Xüsusən də bir gün qabaq azarkeşlərin gəlib bizi coşdurması, söhbət etmələri qarşılığında emosiyalara qapılırsan və daha yaxşı olmaq istəyirsən. İlk sarı vərəqədə kobudluq etməmişdim. Hakim nəyəsə rəqibə üstünlük verirdi. Lakin bəhanə etmək istəmirəm. Bu məğlubiyyətin əsas səbəbi qırmızı vərəqədir. Buna görə başımı aşağı salıb, dilxor olmayacağam. Çünki qarşıda hələ oyunlar var. Həm millidə, həm də klubda. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı nəticələr üçün meydana çıxacağıq.

– Baş məşqçi komandanı meydanda azlıqda qoyduğun üçün sənə nəsə dedi?

– Yox, heç nə demədi. Uşaq deyilik, özümüz hər şeyi başa düşürük. Peşəkar futbolçuyuq. Bu haqda düşünəcəm. Bəlkə də həmin epizotda daha yaxşı ola bilərdi. Bir qədər ötürmə səhv getdi deyə əks-hücumdan narahat oldum və öz yerimdən o mövqeyə qaçdım ki, komandaya kömək edim. Rəqib futbolçu da həmin anda ağıllı davrandı. Mən düşündüm ki, sürət yığar, amma o dayandı. Cəriməni özü qazandı.

– Millətlər Liqasında 4 oyun, 4 məğlubiyyət. Heç vaxt belə uğursuz start olmamışdı. Bu haqda nə deyə bilərsən?

– Daha əvvəl də 5 oyun, 5 qələbə olmuşdu. Əlbəttə, məğlubiyyət adama təsir edir. Xüsusən də bu cür oyunlarda. Estoniyada matçın əvvəlində, Slovakiya ilə görüşün ikinci hissəsində üstün tərəf biz idik. Belə oyunlarda məğlub olanda adama toxunur. Xüsusilə də səbəbkar sən olduğun halda daha çox təsir edir. Slovakiya yüksək səviyyəli komandadır. Onların son Avropa çempionatında İngiltərə ilə oyunlarını hər kəs görüb. Xalqımızdan, rəhbərlikdən, komandadan üzr istəyirəm. Futbolda belə şeylər olur. Bilmirəm üzr istəmək nə dərəcə doğrudur? Sadəcə bilsinlər ki, futbolçuyuq, səhvlərimizi analiz edirik və daha yaxşı olmaq üçün çalışırıq.

– Noyabrdakı oyunlarda vəziyyəti dəyişmək mümkün olacaq?

– Son 2 oyunda, xüsusən də Estoniya ilə matçda əlimizdən gələni edəcəyik. Vəziyyəti düzəltmək öz əlimizdədir. Estonlara qarşı evdə oynayacağıq. Bu da üstünlükdür. Səhvlərimizi analiz edib qarşıdakı 2 matça daha yaxşı hazırlaşacağıq.

– “Nürnberq”də vəziyyətin necədir?

– Son qələbədən sonra yaxşıdır. Komandada pozitivlik artıb. Bu həftə derbi var. Ona hazırlaşacağıq. Çalışıram ki, komandaya daha tez adaptasiya olum. Zədədən qayıtdıqdan sonra son 2 oyunda start heyətində yer aldım. Uyğunlaşmağa başlamışam. Allah zədədən qorusun. Qalan şeylər düzələcək.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp