“Matçın qırılma anının qırmızı vərəqə olduğunu düşünürəm. Çünki ona qədər hər şey yolunda idi. Əminəm ki, hər şey fərqli ola bilərdi”. Bu sözləri Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyev UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində Slovakiyaya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Yarımmüdafiəçi qarşıdakı oyunlarda maksimum nəticə qazanmaq istədiklərini bildirib: “Uduzmalı olduğumuz oyun deyildi. Çünki 2-ci hissəyə çox yaxşı başladıq. Epizodlarımız oldu, hesabda önə keçə bilərdik. Matçın qırılma anının qırmızı vərəqə olduğunu düşünürəm. Çünki ona qədər hər şey yolunda idi. Topa nəzarət bizdə idi, qol epizodlarımız var idi. Əminəm ki, hər şey fərqli ola bilərdi. Azlıqda qaldıqdan sonra rəqib bizi məcbur öz qapımıza sıxdı. Ondan sonra bizim üçün çox çətin oldu. Təəssüf ki, axıra qədər dözə bilmədik. Amma tək səbəb qırmızı vərəqə deyil, sadəcə səbəblərdən biridir. Məsuliyyət hər birimizin məsuliyyətidir. Ehtiyatda oturan futbolçulardan tutmuş, oyuna çıxanlara kimi. 4 oyundu qələbə qazana bilmirik. Belə olmasını istəməzdik. Ən acıverici məğlubiyyət isə Estoniyaya qarşı oldu. Qarşıda 2 oyunumuz var. Hədəfimiz 6 xal qazanmaqdır. Var gücümüzlə çıxıb, milli üçün vuruşmalıyıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: