Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Millimiz Millətlər Liqasında keçirdiyi növbəti oyununda Slovakiyaya uduzdu (1:3). Dünənki matçla bağlı fikirləriniz necədir?
– Rəqib qrupun favoriti idi. Bizi çətin oyun gözlədiyini öncədən bilirdik. Estoniyadakı məğlubiyyətdən sonra komandada psixoloji durum istər-istəməz aşağı idi. Bu, oyunun ilk dəqiqələrində də açıq-aydın görünürdü. Kuryoz qol buraxdıq, amma sonra futbolçularımız toparlana və üstünlüyü ələ keçirə bildilər. Qol epizodlarımız oldu. İlk hissə bitməmiş qolumuzu vura da bildik. İkinci hissədə taktiki sxemdə edilən dəyişikliklər oyunumuzu bir qədər də gücləndirdi. Emin Mahmudov meydana daxil olandan və 4-lü müdafiə xəttinə keçəndən sonra oyun üstünlüyü açıq-aşkar bizim tərəfimizdə idi, təkcə qol çatışmırdı. Amma qırmızı vərəqə matçın müqəddəratını həll etdi. Bu cür komandalara qarşı azlıqda oynamaq çox çətindir. Sona 20 dəqiqə qalmışdı və məğlubiyyətin qaçılmaz olduğu artıq məlum idi. Lakin ümumi götürsək, futbolçularımız qalib gəlmək istəyirdilər. Sonda ustalıq səviyyəsi də öz sözünü dedi.

– Mahir Emrelinin qırmızı vərəqə aldığı epizodla bağlı fikriniz necədir? Meydanın mərkəzində kobud oynamaq nəyə lazım idi?
– Təbii ki, lazımsız sarı vərəqə idi. Gərək ehtiyatlı olardı. Amma futbolda belə şeylər olur. Mahir topu ələ keçirmək istəyirdi, lakin sonda belə alındı. Bəlkə də Mahirin vaxtında əvəzlənməsi yerinə düşərdi. Çünki zədədən yeni qayıdıb. Başadüşüləndir ki, o, bu səviyyədəki oyunlarda 90 dəqiqə meydanda olmağa hələ hazır deyil. Üstəlik, sarı vərəqəsi var idi. Bütün bunları nəzərə almaq və Mahiri əvəzləmək olardı.

– Millətlər Liqasındakı performansımız bərbaddır: 4 oyun, 4 məğlubiyyət. Bu qədər uğursuz çıxış edəcəyimiz heç ağlınıza gələrdi?
– Çətin qrupa düşdüyümüzü hamımız bilirdik. Amma bu 4 oyundan xallar götürmək olardı. Evdə İsveç, səfərdə Estoniya ilə matçlardan xallarla ayrılmaq, Slovakiya ilə Bakıdakı görüşdə isə heç-heçə etmək mümkün idi.

– Görürük ki, son oyunlarda futbolçularımız çox fərdi səhvlər edirlər və adi qollar buraxırıq. Bunun səbəbini nədə görürsünüz?
– Futbolda səhvlər qaçılmazdır. Bu da ya konsentrasiya aşağı olarkən, ya da fiziki durum yerində olmayanda baş verir. Bu cür faktorlar səhv etməyə və qol buraxmağa səbəb olur.

– Baş məşqçi Fernandu Santuşdan və hazırkı heyətdən seçmə mərhələdə nəsə gözləməyə dəyər?
– Millətlər Liqasında iki oyunumuz qalıb. Öncə burada D liqasına düşməmək vacibdir. Qarşıdakı iki matçdan yaxşı nəticə ilə ayrılmaq lazımdır. Xüsusən, Estoniya ilə evdəki görüşdə nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Top fərqi də böyük önəm kəsb edəcək. Estonları ən azı 3 qol fərqi ilə üstələməliyik ki, turnir cədvəlində onlardan öndə olaq. Əvvəlcə Millətlər Liqasında C liqasında qalmalı, sonra seçmə mərhələ haqda düşünməliyik.

FƏRİD

Shares: