Slovakiya yığmasının futbolçusu Ondrey Duda UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisini Bakıda 3:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, yığmanın heyətində 80-ci matçını keçirən 29 yaşlı yarımmüdafiəçi Mahir Emrelinin 70-ci dəqiqədə qırmızı vərəqə almasının qarşılaşmada həlledici rol oynadığını bildirib.

O, çıxışlarından çox da məmnun qalmayıb: “İsveçlə oyundan fərqli mübarizə oldu. Əlbəttə ki, rəqib də fərqli idi. İlk 30 dəqiqədə üstünlük bizim tərəfdə oldu. Nəticədə avtoqolla önə keçdik. Lakin sonra işi çətinləşdirdik. Ötürmədə adi səhv qol buraxmağımıza səbəb oldu. Çox passiv idik. Azərbaycan az qala Slovakiyadakı məğlubiyyətin revanşını alacaqdı. Ancaq rəqibin futbolçusunun qırmızı vərəqə alması sayəsində qələbə qazanmağı bacardıq. Buna çox şadıq”.

Qeyd edək ki, 4 turdan sonra 10 xal toplayan Slovakiya C liqasının 1-ci qrupunda ikinci pillədə qərarlaşıb. Millimiz isə qrupda xal üzü görməyən yeganə komandadır.

Shares: