Tanınmış avtoidman jurnalisti və eksperti Co Seyvud bildirib ki, “Audi” rəhbərliyi “Kick-Sauber” komandasını yaxşı təklif alacağı təqdirdə satmağı düşünür.
“Audi üçün münasib sövdələşmə olarsa, “Kick-Sauber”in satıla biləcəyi ilə bağlı söhbətləri eşidirəm. Məlumdur ki, “Volkswagen” konsernində heç də hamı bu layihəni bəyənmir, xüsusən də Çində satışların azalması səbəbindən hər iki şirkətin maliyyəsi yaxşı deyil. Çoxları unudur ki, Qətər hökuməti “Volkswagen”də 17% paya sahibdir. Bu isə “Porşe” ailəsindən (53,3%) və Aşağı Saksoniya əyaləti hökumətindən (20%) sonra üçüncü ən böyük pay deməkdir. Seçimlərdən biri Formula 1 komandasını Qətərə satmaq, lakin “Audi” brendini saxlamaqdır. Baxmayaraq ki, almanlar Formula 1-ə sərmayələrini mümkün qədər geri qaytarmaq istəyirlər.
Hazırda komandanın Qətərə satışı məqbul görünür. Ölkə Formula 1-də fəal iştirak edir və Yaxın Şərqdə elektrik və hibrid avtomobil bazarına rəhbərlik etməyi hədəfləyir. Elə buna görə də Qətər ötən il ölkənin innovasiya və texnologiya mərkəzi olması ideyasını təbliğ etmək üçün Cenevrə Beynəlxalq Avtomobil Sərgisinə ev sahibliyi edib”, – deyə Seyvud köşə yazısında qeyd edib.
Xatırladaq ki, 2026-cı ildən “Kick-Sauber” “Audi” brendi altında fəaliyyət göstərəcək.