“Neftçi”nin sabiq futbolçusu Voyislav Stankoviçin futbolinfo.az saytına müsahibəsi

– Sənin də baş məşqçin olmuş Roman Qriqorçuk “Neftçi”də 5 aydan çox işləyə bilmədi. Onun gedişi haqqında nə düşünürsən?

– Roman Qriqorçukla “Qəbələ”də çalışmışdım. Həmin vaxtı onda ona görə alınmışdı ki, orada ona çox vaxt verdilər. Qriqorçukun çox yaxşı yerli futbolçuları və legionerləri var idi. “Neftçi”yə yayda və əvvəl gələnlərə baxıram, onlar ümumiyyətlə komandanı gücləndirmədilər. Üstəlik, Qriqorçukun futbolçularla münasibəti necə idi, bilmirəm. Məncə, orada vəziyyət elə də yaxşı deyildi. Kapitanlıq sarğısını da Emin Mahmudovdan götürdülər. Bu isə orada baş məşqçinin futbolçularla münasibətinin yaxşı olmadığını göstərdi. Ona görə də Qriqorçukun işi yaxşı alınmadı.

– Səncə, daha çox vaxt verilsəydi, nəsə dəyişərdi?

– Onun yetərincə vaxtı var idi ki, komandanı hazırlayıb, yaxşı və stabil futbol oynasın. Sadəcə, onda heç nə alınmadı. Neçə tur keçdi, o, ümumiyyətlə bir oyunda da qalib gələ bilmədi. İlk dövrənin sonunda isə turnir cədvəlinin sonuncusu olan “Kəpəz”ə uduzdular. Bununla da aydın oldu ki, “Neftçi”də onun işi alınmır. Rəhbərlik tərəfdən onun istefaya göndərilməsi isə çox normal yanaşmadır.

– “Neftçi”nin problemini nədə görürsən?

– “Neftçi”nin ən böyük problemi nədir? Komandaya transfer edən insanlar bu işi necə görür? Necə dəvət edirlər? Bütün bunlar anlaşılmazdır. Məncə, burada təkcə baş məşqçi günahkar deyil. Klubun idman direktoru, transfer məsələlərinə nəzarət edənlər də var. Hansı futbolçunu gətirmək lazım olduğuna qərar verən insanlar kimdir, anlaşılmazdır. Yeni gələn oyunçulara baxıram, təbii ki, hər bir futbolçuya hörmətlə yanaşıram, amma rahatlıqla deyə bilərəm ki, transferlər “Neftçi”ni gücləndirmədi və heç nə alınmadı. Nəticələrin özü göstərir ki, “Neftçi” pis, zəif futbol oynayır. Bu mənada səbəb təkcə baş məşqçi deyil. Problem həm də klubun rəhbərliyində, klubun direktorunda, futbolçuyların transfer edilməsinə nəzarət edən şəxslərdədir.

– Samir Abasov yenidən Bakı klubuna baş məşqçi təyin edildi. Onda alınacaq?

– Mənim onunla yaxşı münasibətim var idi. Onun rəhbərliyi altında ilk dəfə Azərbaycan çempionu olmuşam. Əgər düşünmədən yerlilərdən kiməsə şans vermək lazım idisə, bu elə Samir Abasov idi. Çünki o, yaxşı, keyfiyyətli mütəxəssisdir. Məncə, onda hər şey alınacaq. Çünki daha güclü məşqçi olub. Ümidvaram ki, “Neftçi”də əvvəlki kimi hər şey alınar alınar və çox möhkəm komanda qurar, qələbələr başlayar. “Neftçi” klubu ən yaxşı nəticələrə layiqdir. Samir Abasova uğurlar arzulayıram. Lakin hər şeyə zaman lazımdır. Ümidvaram ki, o, komandada nəyisə dəyişə biləcək.

AĞA

Shares: