UEFA Millətlər Liqasında 4-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, C liqasında yer alan Azərbaycan millisi bu liqada xal üzünə həsrət qalan iki komandadan biridir.

1-ci qrupda qərarlaşan yığmamızla yanaşı, 2-ci qrupun sakini Litva da keçirdiyi 4 görüşün hamısında məğlub olub. Hazırda C liqası komandaları arasında ən pis göstərici məhz Azərbaycan millisindədir.

Reqlamentə görə isə C liqasının ən zəif iki komandası D liqasına yuvarlanacaq, qruplarda dördüncü yeri tutan digər iki yığma isə pley-offda iştirak edəcək. Hazırkı durumda D liqasına düşməyə ən real namizədlər Azərbaycan və Litvadır. Digər sonunculardan Farer adalarının aktivində 3, Lüksembuqda isə 2 xal var.

Fernandu Santuşun yetirmələri yer aldığı qrupda 3-cü yeri tutmaq üçün ilk növbədə noyabrın 16-da Estoniyanı Qəbələdə minimum 2 top fərqi ilə məğlub etməlidir. Bu halda estonları qrupda sonuncu yerə atmaq mümkün olar.

Qrup sonuncuları arasında ən zəif iki komandadan biri olmamaq üçün isə ən azı bir qələbə qazanmaq, Litva və Lüksembuqun isə xal sayını 3-ə çatdırmamasına dua etmək lazımdır.

Qeyd edək ki, millimiz noyabrın 16-da Qəbələdə Estoniya ilə, 19-da isə Solnada İsveçlə qarşılaşacaq.

Shares: