Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ilk yarış günü geridə qalıb.

Futbolinfo.az xəbər verir ki, turnirin birinci gününü Azərbaycan komandası 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb.

Komandamıza ilk qızıl medalı bir nəfərlik kayak qayığında 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 500 metr məsafəyə yürüşdə Amil Ramazanov qazandırıb.

Əlimurad Hacızadə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında bir nəfərlik kayak qayığında həm 500, həm də 1000 metr məsafəyə yarışda gümüş medala layiq görülüb.

İki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Niyaz Məlikov-Elvin Əliyev dueti üçüncü yer tutub.

Bir nəfərlik kanoe qayığında 1000 metr məsafəyə yarışda 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Cavid Vəlizadə bürünc medal əldə edib.

Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü avarçəkənlərin mübarizəsində idmançılarımız bir dəst medala sahib olub. Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.

Bir nəfərlik akademik avarçəkmədə 2010-2011-ci il təvəllüdlü idmançılar arasında 1000 metr məsafədə Məhəmməd Həsənov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

12 ölkədən 100-dək idmançının iştirak etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin rəsmi açılış mərasimi Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar 17 oktyabrda ilk dəfə Füzulidə, Aşağı Köndələnçay su anbarında baş tutacaq. 18 oktyabr tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində son final yarışları və bağlanış mərasimi keçiriləcək.

Shares: