“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən necə yararlandınız?

– Çalışdıq ki, fasilədən səmərəli istifadə edək. Həm zədəli futbolçularımız var, həm də bəzi oyunçularımız millidə idi. Onlarsız hazırlaşdıq. Fasilədən maksimum yararlanmağa çalışdıq.

– “Şamaxı”dan əsas milliyə heç bir oyunçunun çağırılmaması müəyyən mənada işinizə yaradı…

– Əsas yığmada olmasa da, 3 oyunçumuz – Rüfət Abbasov, Qurban Səfərov və Rauf Rüstəmli 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində idi. Bilirsiniz ki, onlar bizim əsas oyunçularımızdır. Ümumən, komandadakı futbolçu sayı da azdır. Fasilə müddətində onların yerinə əvəzedici heyətimizdən gənc futbolçuları məşqlərə dəvət etdik.

– Fasilədən sonra ilk oyununuz “Araz-Naxçıvan”a qarşı olacaq. İlk dövrədə bu rəqibə uduzmuşdunuz. Budəfəki görüşdə şansları necə dəyərləndirirsiniz? Revanş almaq mümkün olacaq?

– Mövsüm ərzində bir komanda ilə 4 dəfə qarşılaşırıq. Düzdür, ilk dövrədə “Araz-Naxçıvan”a məğlub olmuşuq. Həqiqətən də, rəqibimiz bu mövsümə çox iddialı başlayıb. Etdikləri transferlər də göz qabağındadır. Amma biz evdə, öz azarkeşlərimizin qarşısında oynayacağıq. Nə olursa-olsun, əzmkarlığımız, istəyimiz yüksək olmalıdır. Üç cəzalı futbolçumuz var, bundan əlavə, Vasiliye Bakiç zədəlidir. Bu isə o deməkdir ki, meydana 4 əsas heyət üzvümüz olmadan çıxacağıq. Bu, bizim üçün böyük itkidir. Lakin onların yerində oynayan futbolçulara özlərini göstərmək üçün böyük şansdır. Gənclər bu fürsəti dəyərləndirməlidirlər.

– Ümumiyyətlə, “Şamaxı”nın ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

– Real danışmaq lazımdır, yeni yığılmış komandayıq. Bunun fonunda ilk dövrədə 12 xal yığmaq bizim üçün çox yaxşı göstəricidir. Nəzərə almaq lazımdır ki, bir oyun da az keçirmişik. Bunu bütün dövrələrdə edə bilsək, mükəmməl olar. Amma bilirik ki, çox çətindir. Heyətimiz kasaddır, zədəli və cəzalı oyunçularımız olur. Onların yerində gənc futbolçuları oynatmağa məcburuq. Həmin oyunçular özlərini necə göstərəcəklər, bu, maraq doğurur. Onların möhkəmlənməsi, komandaya adaptasiyası üçün belə oyunlar vacibdir. Ancaq ola bilər ki, bu, nəticəyə təsir etsin.

– İlk dövrə ilə müqayisədə ikinci dövrənin daha çətin keçəcəyini demək olar? Bu dövrədə neçə xal toplamağı hədəfləmisiniz?

– Bilirik ki, ikinci dövrə daha çətin keçəcək. Amma dayanmaq olmaz, çalışmaq lazımdır. Öncədən konkret nə qədər xal toplayacağımızı demək mümkün deyil. Ən əsası odur ki, xallarımızı toplayaq. Rəqiblərlə aradakı xal fərqini qorumalıyıq. Bunu edə bilsək, qışadək böyük üstünlük əldə etmiş olacağıq. Bütün komandalarımız əziyyət çəkir, yaxşı nəticə qazanmağa çalışır. Əlimizdən gələni edəcəyik ki, xal ehtiyatımızı maksimum dərəcədə artıraq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp