“Tottenhem”in futbolçusu Deyn Skarlettin İngiltərənin U-21 yığmasının heyətində Ukrayna və Azərbaycan milliləri ilə oyunlardakı performansı diqqətdən kənarda qalmayıb.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Ange Postekoqlu 20 yaşlı hücumçuna komandasının gələcəkdə aparıcı futbolçusu gözü ilə baxmağa başlayıb.
Skarlett hər iki qarşılaşmada ehtiyatdan meydana daxil olub və millimizi 7:0 hesabı ilə məğlub etdikləri görüşdə qol da vurub. Matçı izləyən Postekoqlu hazırda “Oksford”da icarə əsasında çıxış edən Skarletti ən geci mövsümün sonunda komandasına qaytarmağı planlaşdırır. Baş məşqçi hətta dönüşün qış fasiləsində reallaşma variantını da nəzərdən keçirir.
“Tottenhem”in vitse-kapitanı Ceyms Maddison da yerli mətbuata açıqlamasında Skarlettin Azərbaycanla oyundakı performansına heyran qaldığını bildirib. O da komanda yoldaşını “Tottenhem”in gələcəyi adlandırıb.