Şahmatın inkişafı ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkibində özünəməxsus yer tutur. Eyni zamanda dünyaca məşhur idman növü üzrə əldə etdiyimiz uğurlar ölkəmizin təbliğində də mühüm rol oynayır.

Yevlax rayonundada şahmat populyar idman növlərindən sayılır. Yerli şahmat məktəbinin gənc iti zəka sahibi Elçin Ağayev rayonda sayılıb-seçilən şahmatçılarından biridir: “2013-cü ildən şahmat ilə məşğul olmağa başlamışam. Və artıq 11 ildir ki, şahmatdayam. Hədəfim də odur ki, ölkəmizi beynəlxalq turnirlərdə təmsil edim və bayrağımızı daim ucaldım”.

Şahmat oynamaq Elçin üçün xüsusi məna ifadə edir.Müsahibimizin riyazi biliklərinin artdığını, bunda da şahmatın böyük rol oynadığını bildirir: “Bildiyiniz kimi, şahmatın insan beyni üçün müsbət cəhəti çoxdur. Məsələn, diqqəti gücləndirir, insanın geniş düşünməsinə kömək edir, səbrli olmağı öyrədir. Bunlarla yanaşı riyazi bilikləri də mükəmməlləşdirməyə kömək edir”.

49e9b309 da0d 4e8f 9934 00db012c3f5b - Futbolinfo.az

Şahmat səbr tələb edən bir oyundur. Bu oyunu öyrənmək isə vaxt tələb edir. Elçinin illərdir şahmatla məşğul olması əlbəttə ki, bir çox nailiyyətlər qazandırıb. Və qazandırmağa da davam edir: “Artıq 11 ildir ki, şahmatla məşğul oluram. Ölkəmizdə keçirilən bir çox turnirdə iştirak etmişəm. Və bu turnirlərdə bir çox nailiyyətlər əldə etmişəm. Son 1 ayda qazandığım uğurlardan danışsam, qardaş ölkə Türkiyənin Mersin şəhərində keçirilən turnirin qalibi olmuşam. Və Bakı şəhərində keçirilən respublika birinciliyində 3-cü yerə yiyələnmişəm. Ümumiyyətlə, ölkəmizdə keçirilən bütün turnirlərdə iştirak etmişəm və mükafatçı olmuşam”.

a558a2e2 3a2e 4e25 961e 22a9a57096a3 - Futbolinfo.az

Elçinin böyük hədəfləri var. O, bu sahədə yola davam etmək istəyir: “Şahmat ilə bağlı hədəfim böyükdür. Ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı daim ucaltmaq istəyirəm. Bunun üçün hər zaman məşqçimin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram”.

7c6fbfae c811 4bf4 93e0 7b9880d9629e - Futbolinfo.az

Elçinin məşqçisi Kamil Babayev tələbəsinin gələcəkdə ölkəmizdə sayılıb-seçilən şahmatçılardan biri olacağına inanır. O, ilk əsas hədəfin qarşıdan gələn Azərbaycan birinciliyində Elçinin çempionluğu qazanması olduğunu deyir. Bununla onun Azərbaycan millisinə yolu açılacaq: “Elçin çox istedadlı şahmatçıdır. Ona inamım tamdır. Düşünürəm ki, o, üzərində daha çox işləməklə əsas arzusu olan milli komandaya seçilə bilər. Bunun üçün əsas hədəf Azərbaycan çempionatıdır. Burada da çempion olmaqla öz arzusunu reallaşdıra bilər. Ona inanıram”.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp