“Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə ötən mövsüm çalışdırdığı “Gəncə” klubu haqqında fikirlərini bölüşüb:
“Gəncə” ilə gözəl mövsüm keçirdim. Ötən il heyətdə oyunçu çatışmazlığı üzündən pley-offa düşə bilmədik. “Şəki”ni də ötən mövsümdən tanıyıram. Yeganə qalib gəldikləri matç bizə qarşı keçirdikləri 2-ci oyun olmuşdu. Həmin məğlubiyyət pley-off şansımızı itirdiyimiz vaxta təsadüf etdi. Amerikalı basketbolçuların motivasiyası itmişdi deyə, bizim üçün mövsüm sanki başa çatmışdı. Şəkiyə gəldiyimdə də buranı şəhər olaraq sevmişdim. Özümüzü rahat hiss edə biləcəyimiz şərait – Olimpiya İdman Kompleksi var. Basketbolda şəhərlər çox önəmli deyil. Biz peşəkarıq. Ona görə də işlədiyim yerin Şəki və ya Gəncə olmasının əhəmiyyəti yoxdur. Mən, sadəcə, işimi görürəm”.
Türkiyəli məşqçi çempionatdakı limit dəyişikliyinə münasibətini bildirib:
“Çempionatın səviyyəsi qalxacaq. Əvvəla, ona görə ki, komanda sayı 10-dan 12-yə yüksəldilib. B qrupunda mübarizə aparacağıq. “4+1″ sistemi ilə yeni mövsümdə daha səviyyəli legionerlərin klublarda çıxış edəcəyini, yaxşı oyunların baş tutacağını düşünürəm. Məncə, ötənmövsümkü oyunlardakı kimi böyükhesablı qələbələr olmayacaq. Yerli oyunçular da start heyətinə düşmək üçün çalışacaq və özlərini təkmilləşdirmək baxımından yaxşı şanslarının olacağını düşünürəm”.
O, çempionatın ilk turunda qarşılaşacaqları “Quba” haqqında da düşüncələrini bölüşüb:
“Quba” komandasını tanıyıram. Baş məşqçi Şəhriyar Əsgərov, köməkçisi Zaur Paşayevdir. Zaur haqda danışmağa gərək yoxdur. Azərbaycan millisində xidmətləri, çempionatın ən yaxşı yerli oyunçularından olub, “guard” mövqeyində çıxış edib. 4 legioner oyunçu transfer etdiklərini bilirəm. Onların arasında tanıdığım amerikalılar da var. Güclü komandadır, hazırlıq oyunları ilə daha da yaxşı duruma gəldiklərini düşünürəm. Azərbaycan çempionatına çətin matçla başlayacağıq”.
Baş məşqçi “Şəki”nin hazırlıq dönəmində yoxlama matçı keçirməməsinin səbəblərini də izah edib:
“Açığı, bir az vaxta ehtiyacımız var. Əcnəbi oyunçularımız düşərgəyə gec qoşuldular, zədə ilə bağlı problemlər oldu. Bu səbəbdən də bəzi transferlərimiz gec alındı. Tam heyətlə bir araya gec gəldiyimizə görə, təəssüf ki, yoxlama matçları keçirə bilmədik. Bu, bizim üçün mənfi cəhətdir. Ancaq 1-2 oyuna komandanın çox yaxşı ritmə düşəcəyini düşünürəm.
B.Meriç heyətdəki oyunçuların səviyyəsi haqqında da fikirlərini bölüşüb:
“Yerli oyunçu kimi Türkiyədən Ərcan Donatı transfer etdik. Azərbaycan millisinin üzvüdür. Ərcanın komandamızı gücləndirəcəyini düşünürəm. Eyni zamanda Azərbaycanın aşağı yaş qrupu üzrə komandalarında çıxış edən oyunçularımız var. Şəkidən olan yerli basketbolçular da komandada qalıb. Hamısından faydalanmağa çalışacağıq. Əcnəbilərə gəlincə, ötən mövsümdən komandada olan nigeriyalı oyunçular bizimlədir. Onlardan başqa, 5 yeni əcnəbi transfer etdik. Yeni legionerlərimiz həqiqətən səviyyəlidirlər. Onlar çempionatda sözlərini deyəcəklər. Yetər ki, dəstəyimizi davam etdirək. Əminəm ki, gündən-günə daha yaxşı durumda olacaq komanda yaradacağıq. “Şəki”ni bu mövsüm pley-offda görəcəyik”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə bu gün start veriləcək. “Şəki” oktyabrın 20-də, saat 14:00-da “Quba” ilə doğma meydanda qarşılaşacaq.