Azərbaycan yığmasını və “Bakı” klubunu çalışdırmış Qyoko Haciyevskinin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə milli komandamızın UEFA Millətlər Liqasında Estoniyaya məğlubiyyətindən başlayaq. Əksəriyyət bu görüşdə futbolçularımızdan qələbə gözləsə də, əksi oldu. Məğlubiyyətin səbəbini nədə görürsünüz?
– Mən Estoniya ilə oyuna baxdım. Estoniya Azərbaycandan yaxşı komanda deyil. Sadəcə, estonlar qələbəni azərbaycanlı futbolçulardan daha çox istəyirdilər və buna da nail oldular. Meydan sahibləri döyüşkənlik nümayiş etdirdilər. Bəlkə də onların ifasında keyfiyyətli oyun izləmədik. Amma estonlar doğma azarkeşlərinin dəstəyi ilə qələbə qazanmağa kökləndilər. Fikrimcə, Azərbaycan millisi əvvəlki illərdə daha yaxşı futbol oynayırdı, nəinki indi.
– Estoniyaya məğlubiyyətdən sonra evdə Slovakiyaya uduzduq. Halbuki bu görüşdə də xeyli sayda qol vəziyyəti yaratdıq, ancaq epizodları lazımınca dəyərləndirə bilmədik…
– Slovakiya Estoniya deyil, onlar güclü rəqibdirlər. Slovakların heyətində ustalıq səviyyəsi yüksək olan oyunçular toplaşıb. Onlar topla əla rəftar etməyi, bir-birlərinə dəqiq ötürmələr verməyi, oyuna nəzarəti əldə saxlamağı yaxşı bacarırlar. Azərbaycan millisinin bu görüşdəki məğlubiyyətini normal qəbul edirəm. Çünki Slovakiya Azərbaycandan yaxşı komandadır. Aydın məsələdir ki, azərbaycanlı futbolçular Estoniyaya məğlubiyyətdən sonra evdə, doğma azarkeşlər önündə Slovakiyaya qalib gəlməklə günahlarını yumaq istəyirdilər. Ancaq alınmadı. Slovakiyalı futbolçuların ustalıq səviyyəsi açıq-aşkar görünürdü.
– Millətlər Liqasındakı son 2 oyunumuzdan hansı nəticəni gözləyirsiniz? Sizcə, D liqasına düşmək təhlükəsindən qaçmaq mümkün olacaq?
– Azərbaycan millisinin turnir cədvəlindəki vəziyyətinə nəzər salıram. 4 oyundan sonra 0 xal, 3 vurulan və 11 buraxılan qol. Əminəm ki, heç kim Azərbaycandan bu nəticəni gözləmirdi. Necə olacağını görəcəyik.
– Fernandu Santuş millinin baş məşqçisi postuna böyük ümidlərlə gətirilsə də, onun gəlişindən sonra bütün oyunlarda uduzmuşuq. Yəqin ki, uğursuz startı siz də gözləmirdiniz…
– Santuş yaxşı məşqçidir. O, Portuqaliya millisini Avropa çempionu edib. Həm Portuqaliya, həm də Avropa futbolunda tanınmış ad, hörmət bəslənilən simadır. Bu mənada, Azərbaycan millisindəki nəticələri şəxsən məni də təəccübləndirir. Azərbaycana yeni gələndə Santuşun çox təcrübəli mütəxəssis olduğunu və ölkənizdə də yaxşı işlər görəcəyini demişdim. Görünür, o, azərbaycanlı futbolçuların əsl potensialına hələ bələd deyil. Santuş başa düşməlidir ki, portuqaliyalı və azərbaycanlı futbolçular, onların imkanları eyni deyil. Azərbaycanlı futbolçuların beynəlxalq oyun təcrübəsi azdır. Təkcə “Qarabağ”ın üzvləri bu baxımdan fərqlənir. Emin Mahmudovun son oyunlarda əsas heyətdə yer almaması məni təəccübləndirdi. O, son 3 il ərzində Azərbaycan millisinin ən aparıcı üzvü, lideri idi. Bəlkə də Santuşun istədiyi qədər qaçmır, döyüşmür, buna görə ehtiyatda qalır. Ancaq Emin öz futbol zəkası ilə Azərbaycan millisi üçün çox önəmi personadır. Niyə oynamadığını bilmirəm. Ola bilsin, Santuş onun mövqeyində digər futbolçulara da şans verməklə ən yaxşı “11-liy”i müəyyənləşdirmək istəyir. Azərbaycanın yaxşı müdafiəçiləri və texnikalı oyunçuları var. Bəlkə də Azərbaycan millisi əvvəlki taktikasında oynasaydı, əks-hücumlara bel bağlasaydı, belə uğursuz nəticələr qeydə alınmazdı. Meydanda adam-adama oynamaq, rəqibin hər bir üzvünə qarşı konkret bir nəfəri təhkim etmək Azərbaycan millisi üçün böyük riskdir. Bu da qeydə alınan nəticələrdə təsdiqini tapır. Santuşun taktiki cəhətdən çox ağıllı mütəxəssis olduğuna şübhə etmirəm. Amma seçdiyi taktika bəlkə də Azərbaycan yığmasına uyğun gəlmir. O, azərbaycanlı futbolçuların mentaliletini və keyfiyyətini də nəzərə almalıdır. Əsas diqqəti müdafiəyə yönəltməklə, daha ağıllı futbol oynatmaq olardı.
– Millimizin hazırkı heyətindən Emin Mahmudovdan başqa kimləri bəyənirsiniz?
– Azərbaycanlı futbolçuların Avropa klublarında oynamağa ehtiyacı var. Daha yaxşı liqalara can atmalıdırlar. Mən İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa liqalarını nəzərdə tuturam. Siz də bilirsiniz ki, hazırda xeyli sayda gürcüstanlı futbolçu ölkələrindən kənarda, yaxşı çempionatlarda çıxış edirlər. Niyə də azərbaycanlı futbolçuları bu liqalarda görməyək?! Buna fokuslanmaq lazımdır. Gənc oyunçular xaricə çıxmalıdırlar. Çünki Azərbaycan çempionatı o qədər də güclü liqa deyil. 3-4 klubu fərqləndirmək olar, digərləri eyni səviyyədədirlər. Azərbaycan Premyer Liqasında oynayan futbolçular bütün turlarda derbi həyəcanını yaşamırlar, bu isə onları geri salır. Güclü milli komandaya sahib olmaq üçün yeganə çıxış yolunuz futbolçularınızın Avropanın iddialı liqalarına gedişinə nail olmaqdır.
Azərbaycanı çox sevirəm, bu ölkə ilə bağlı gözəl xatirələrim var. “Bakı” klubu ilə ölkə çempionu olmuşam, millini çalışdırmışam. Yığmanın Belçika ilə keçirdiyi oyunu yaxşı xatırlayıram. Rəşad Sadıqov, Mahmud Qurbanov, Zaur Ramazanov, Zaur Tağızadə, Rail Məlikov kimi önəmli simaları milliyə qaytarmışdım. Bu mənada, mənim üçün Azərbaycan yığmasının nəticələri həmişə önəmlidir.
ABBAS