“Qarabağ” Misli Premyer Liqasında 2-ci dövrəyə itkisiz başladı. İlk qələbəsini ötən tur “Neftçi” ilə dramatik matçda əldə edən “Kəpəz” ağdamlılar qarşısında çarəsiz qaldı.

İnsaf naminə, onsuz da zəif heyətə malik gəncəliləri kapitan Yeqor Xvalkonun itkisi bir az da çətinə salmışdı. Qaynatası dünyasını dəyişdiyi üçün vətəninə yollanan legionerin yoxluğunda nominal meydan sahiblərinin müdafiə xətti xaos yaşayırdı. Ağdamlıların rəngarəng hücumlarına yalnız tamaşa edən müdafiəçilər sanki nə baş verdiyini anlamırdı.

Hər zövqdə qol vuran “Qarabağ” “Ayaks”la matçöncəsi əla məşq etdi. Milli fasiləyə görə oyun praktikasını itirən bir çox legioner formaya düşmək şansı qazandı, Aleksey Kaşuk ilk qolunu dəlicəsinə qeyd etdi, son vaxtlar enişdə olan Julio Romaonun özünə gəlmədiyi, Qurban Qurbanovun onu dəyişmək üçün variantlar axtardığı aydınlaşdı. Amma çempion Niderland klubu ilə matç öncəsi ümid verdi. Rəqib hər nə qədər zəif olsa da, 5:0 hesablı qələbə əhval-ruhiyyəni yüksəltdi.

Bu matç “Qarabağ”ın gücünə qiymət vermək üçün meyar deyil, amma komandanın çempionluq yolunda daha bir addım atdığı dəqiqdir. Bu cür çətin səfərlərdə büdrəməmək önəmldir və yığılan hər xal komandanı hədəfinə yaxınlaşdırır. Heç “Kəpəz”ə də bu matça görə qiymət vermək olmur. Azər Bağırovun yetirmələri hər nə qədər aciz görünsə də, mövsümün əvvəlindəki başıqapazlı komanda olmayacağı dəqiqdir. Yəqin ki, elə növbəti turdan gəncəlilər son sıradan qurtulmaq üçün gücünü səfərbər edəcək.

Nəticə liderlə autsayder arasındakı səviyyə fərqinin göstəricisidir. Nə yazıq ki, belə rəqabətsiz oyundan sonra ağdamlılar avrokubok qarşılaşmasına çıxacaq. “Kəpəz”lə “Ayaks” arasındakı fərqi “Qarabağ” daha çox hiss edəcək.

FƏRİD

Shares: