“Araz-Naxçıvan” oyunlarına azarkeş yığmaq üçün müxtəlif yollara əl atır. Misli Premyer Liqasının tərəfdar baxımından ən kasad klubu tələbələri dilə tutmaqla məşğuldur.
Futbolinfo.az xəbər verir ki, muxtar respublika təmsilçisi bu gün “Şamaxı” ilə səfər matçına muzdlu azarkeş toplamaq niyyətnə düşüb. Bunun üçün müxtəlif universitetlərin tələbələrinə aşağıdakı mətndə mesaj göndərilib: “Salam. “Şamaxı” – “Araz-Naxçıvan” oyunu üçün Şamaxıya gedəcəyik. Yol pulu, yemək pulu götürməyinizə ehtiyac yoxdur. Hamısı “Araz-Naxçıvan” tərəfindən verilir”.
Doğrusu, bu təşəbbüsü nə tənqid etmək, nə də təqdir etmək olmur. Ona görə ki, klub tələbələri idman tədbirinə dəvət edir, zəngin menyu olmasa da, qida və nəqliyyat xərclərini qarşılayaraq onlar üçün mədəni istirahət təklifi edir. İşin pis tərəfi isə odur ki, komanda oyunu ilə fanatları cəlb edə bilmədiyindən, onları “rüşvət” qarşılığında ətrafına toplayır.
Halbuki komandanın bumövsümkü nəticələri pis deyil. Sadəcə, Mərdəkanda məskunlaşmaq, oyunlarını Sumqayıtda keçirmək “Araz-Naxçıvan”ı ən baxımsız kluba çevirib. Doğma Naxçıvanda oynamaqla azarkeş problemini təbii yolla həll etmək olardı. Bütün dünyada klublar azarkeşlərə satılan biletdən pul qazanır, bizdə isə onları stadiona gətirmək üçün yol, yemək pulu vəd edilir.