İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” tok-şousunun iki gün öncəki buraxılışına bir qədər gec reaksiya verməyimin səbəbi var. Bəlkə mən də sabaha saxlamaya bilərdim, amma hətta birisigünə saxlamağımın səbəbi ehtirasların soyumasını gözləməyim idi. Müxtəlif paylaşımlara, onlara yazılan şərhlərə baxdım, analiz etdim. Yekunda deyilməyən nələrisə yazmağa çalışdım.

Bəri başdan qeyd edim ki, idman jurnalistikası ilə növbəti dəfə fəxr etdim. Medianın ən az təminatlı qolu yenə həm də ən azad qolu olduğunu göstərdi. Ona da əminəm ki, həmkarlarım futbolu hazırda bu sahədə söz sahibi olan əksəriyyətdən daha yaxşı bilir, bu növün ölkəmizdə inkişafında daha çox maraqlıdır. Və o verilişdə bir-iki idman jurnalisti olmasaydı, yəqin ki, hər şeyin əla olması ilə bağlı nağıl danışılacaq, bu yöndə təbliğat aparılacaqdı. Elə anlaşılacaqdı ki, AFFA-da dəyişiklik nəticələrin yaxşılaşdırılması üçün yox, yalnız büdcə dağıdan adların yenilənməsi üçün edilib.

Jurnalistlərin sayəsində tok-şou səs-küylü başladı, bir az xaotik davam etdi. Amma emosiyaların gərilməsinin səbəbkarı verilişin aparıcıları idi. Onlar elə açılış etdilər ki, cavabları belə olmalıydı. Özünümüdafiə başqasını ittiham etməyə hesablanırsa, bumeranq effekti olmalıydı və oldu da.

Vaxtilə bu verilişdə mənim də tənqidi çıxışlarım olub. Ona görə etmişik ki, Elxan Məmmədovun dəstəsi getsin, həqiqətən inkişafı düşünən sağlam qüvvələr gəlsin. Lakin Dadaşlinskinin verilişinə Elxan Məmmədovu zurna-qavalla çağıranlar özləri həmin postlarda əyləşən kimi hamını – həmin bacarıqsızları illərlə ifşa edənləri unudub və sələflərini yamsılamağa başlayıb. Sabiqlər kimi işləyəcəksizsə, deməli, elə onlar kimi də tənqid olunacaqsız.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin də “Sabaha saxlamayaq” komandasını ifrat müdafiə etməsi ilə emosiyalar daha da coşdu. İTV-nin rəhbəri olan AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun müdafiəsinə həsr olunan verilişdə sosial şəbəkə istifadəçilərinə, idman jurnalstlərinə başlayan hücum bir neçə dəyərli oğulun sayəsində ifşa olundu. Üzə çıxmağa cəsarəti olmayan, Hacıyevi, İlqar Qurbanovu və mətbuat xidmətinin rəhbərini qalxan kimi irəli verən, özü pult arxasında əyləşən Balakişi bəyin ssenarisi pozuldu.

Fəaliyyətini izlədiyim, TV rəhbəri kimi gördüyü işlərə görə rəğbət bəslədyim Qasımov kaş futbola gəlməyəydi. Gəlib indiki kimi işləməkdənsə, özünə yad olan sahədə Elxan Məmmədova çevrilməkdənsə, gördüyüm zirvədə qalmasını istərdim. Çünki futbol həqiqətən başqa dünyadır, onu kabinetdə, kiminsə arxasında gizlənməklə inkişaf etdirmək olmaz, meydana enməli, prosesin bir parçası, hərəkətverici qüvvəsi olmalısan. 6 aylıq fəaliyyətsizliyə, sıralanan uğursuzluğa görə imicin korlanmasının qarşısını özünümüdafiə verilişi ilə almaq cəhdi uğursuzdur.

Təbii ki, yenilərə zaman tanımaq lazımdır. Köhnə dəstənin bünövrəsini qazdığı futbolu dirçəltmək bir günün işi deyil. Amma bunun üçün işartılar olmalıdır, ilk gündən əməli fəaliyyət nəzərə çarpmalıdır. Əgər Elxan Məmmədovun kadrları hələ də iş başındadırsa, siz də onlarla işləmək istəyirsizsə, kimsə buna göz yummaz. Ən problemli sahə olan uşaq futbolu bu gün Yusif Vəliyev kimi səriştəsiz birinin idarəsindədirsə, Cahangir Həsənzadə AFFA-da meydan sulayırsa, Riad Rəfiyevlə Zaur Axundov Hakmlər Komitəsini barmağı ilə idarə edirsə, Tural Piriyev klublara FİF tərəfindən ayrılan avtobuslar üçün qiymət bazarlığındadırsa, əcnəbilərin növbəti dalğasını yenə Elşad Nəsirov gətirirsə, bir neçə klubu hələ də sabiqlərin adamları idarə edirsə… Bunu siz görməyə və ya görüb göz yuma bilərsiz, amma futbol ictimaiyyət kor deyil.

Ümumiyyətlə, sözügedən verilişdə jurnalistlərin tərəf kimi iştirak etməyə məcbur olması doğru deyil. Tok-şouda indiki AFFA rəhbərliyi ilə üzbəüz əyləşənlər sabiqlər olmalıydı. Ortada yeyib qıraqda gəzən həmin adamlar uzaqda deyil axı. Kazbek Tuayev təqaüdə gedib, boyun qaçıra bilər, bəs, Məşqçilər Komitəsinin sədri postunda qalan Vaqif Sadıqov niyə dəvət almamışdı? Sabiq vitse-prezidentə tribuna vermək lazım idi, lazım gəlsə, cavabdeh kimi dindirilməliyidi. Hər iki komandada təmsil olunan Elşad Nəsirov, elə həmin Həsənzadə, Vəliyev və başqaları dəvət almalıydı. İllərdi işsiz saxlanılan, fəaliyyətinə nə sabiqlərin, nə indikilərin imkan yaratdığı veteranlar tok-şouya çağırılmalıydı.

Verilişin ssenarisindən aydın oldu ki, Hacıyev, Qasımov, ümumiyyətlə, indiki AFFA rəhbərliyi sabiqləri günahkar göstərib özləri üçün zaman istəyir. Qəbulolunandır və doğru yanaşmadır. Amma və lakin… Köhnə komandanın günahkarlarından olan Elşad Nəsirov yeni komandadırsa, ona niyə vaxt verilsin? Axı, 20 ilə yaxındır milli komandaların kurasiyası bu şəxsdədir və Azərbaycan futbolunun ən problemli hissəsi də məhz milli komandalardır. Nəsirov yeni komandada da təmsil olunursa, sizin səmimiyyətinizə necə inanaq?

Və ya illərlə Uşaq Futbol Federasiyasına rəhbərlik etmiş Rauf Əliyev gizli toplantı keçirərək oğlunu yerinə seçdirib. Köhnələri tənqid edirsiz, onların kadrları ilə işləyirsiz. Problem uşaq futbolundadırsa, hakimiyyətə gələn kimi ilk işiniz onları dəyişmək olmamalıdırmı?

Verilişdə bir fikir hakim idi: köhnələrin illərdi üst-üstə qalaqladığı problemləri həll etmək üçün 6 ay çox kiçik zamandır. Razıyam. Bəs, ümumiyyətlə, bu yöndə işə başlamısızmı? Başlamısızsa, o zaman Futzal Federasiyasının rəhbəri olan Zaur Axundov necə olur ki, eyni postda qalır, üstəlik, Naxçıvan Futbol Federasiyasına da rəhbər seçilir, klub rəhbəri kimi də işindədir. Bir adam və ya onun nümayəndələri sabah Konfransda hansısa səsvermədə 2 səslə cəbhə seçəcək.

Milli komandaları əcnəblərlə dolduran, azərbaycanlı balalarının qarşısını kəsən, dünyanın dörd bir yanından gətirdiyi müştərilərini milliləşdirən Riad Rəfiyev “Sumqayıt”ı biznes obyektinə çevirib, AFFA-nın ayırdığı maliyyə ilə klub saxlayır, yenə öz bildiyini edir və siz susursuz. Öz pulunu xərcləsəydi, anlayışla qarşılayar, klubun işinə qarışmamalı olduğunuzu deyərdim. Elə deyil axı. Əsas günahkar kimi gördüyünüz Elxan Məmmədovun bütün adamları yenə iş başındadır, sizi hörümçək toruna salıb, siz isə hansısa strategiyanın yazılmasını gözləyirsiz.

Sadalamağa davam edim?

Hansı ağıllı deyilir ki, aylarla gözləməliyik? Niyə? Bu gün yazdırdığınız strategiya əlbəttə, lazımdır. Amma o, indi yazılmamalıydı, AFFA-ya gələndə hazır platformanız olmalıydı. Siz isə himayədarınızın sayəsində göydən zənbillə futbola düşmüsüz və indi başlayıbsız “Nə edək” deyə düşünməyə. Hazır gəlməyibsiz, gələndən sonra da səriştəniz olmadığı üçün köhnələrin yolunu gedirsiz. 8 aya strategiya yazılar, 8 ay onun müzakirəsi gedər, 8 il tətbiqi üçün vaxt istəyərsiz, sonra da alınmadığını deyib yeni plan hazırlayarsız. Elxan Məmmədov gələndə də sizin kimi idi, zamanla futbolu yox, özünün, dostlarının biznesini inkişaf etdirdi, mənsəb sahibi oldu, SOCAR-ın reklam pulları hesabına beynəlxalq qurumlarda qazandığı hörmətdən istifadə edib vəzifəyə getdi. İndi də Parisdə əyləşib sizin büdrəməyinizi gözləyir. Fransanın Azərbaycanlı bağlı mənfur planları ilə paralel…

Hörmətli Balakişi müəllim, tənqid üçün tələsdiyimizi deyir, zaman istəyirsiz. Tənqid etmədən məlumatlanmaq üçün soruşuram: AFFA İcraiyyə Komitəsinə namizədliyinizi verdiyiniz Regional Federasiya ilə sizi nə bağlayırdı? Axı, siz Qılıncoynatma Federasiyasının prezidentisiz… Namizədliyinizin rəsmiləşdiyi keçirilməyən, qondarılan iclasın protokolundan, neçə dəqiqəyə hazırlanmasından xəbərdaram. Nə olubsa-olub, sadəcə, maraq üçün soruşuram: namizəd göstərildiyiniz Şimal Futbol Federasiyasının hələ də yazışmaları kiril əlifbası ilə apardığından xəbərdarsızmı? Ümumiyyətlə, bu quruma bir dəfə baş çəkmisizmi?

Baltalamaq asandır, amma mən daha çox sağlam tənqidi üstün tuturam. Balakişi bəy, sizi işləməyə həvəsləndirmək üçün bu qeydləri yazıram. Bu sahədə təcrübəsizsiniz, ağıl vermək üçün yox, istiqamətlərlə tanış etmək üçün təcrübəmi sizinlə bölüşürəm. Çünki Fuad Musayevin diktator vaxtlarını da görmüşəm, Ramiz Mirzəyevin seçilənədək və seçləndən sonrakı dəyişmini də, ondan sonrasını da. Hörmətimdəndir ki, bir çoxlarının axırına çıxan futbol idarəçiliyinin müsbət imicinizə xələl gətirməməsini istəyirəm.

Verilişin əvvəlində səslənən “şəxslərin adını çəkməyək”, “şəxsiləşdirməyək” tezisləri sizdən gəlmişdi. Bəlkə Rövşən Nəcəfi, bəlkə özünüzü, bəlkə də elə komandanızı qorumaq istəyirdiz. Amma alınmadı, əksinə, “bu şəxslərə müsahibə üçün müraciət etmisizmi” sualı qabardı. Səriştəsizlikdən özünüzü hədəfə gətirdiz, indi hamı sizdən müsahibə tələb edir. Bilirəm, mənə ayırmağa vaxtınız olmayacaq, cavablamağınız yox, düşünməniz üçün bu yazını kompüterin yaddaşına köçürürəm. Yazıdakı qeydləri sizinlə müsahibənin sualları kimi qəbul edə bilərsiz.

Milli komandamız zəifdir və zamanında yeni nəsil yetişdirilməyib, sağlam rəqabət mühiti formalaşdırılmayıb deyə əzabını siz çəkirsiz. Lakin bununla belə, yenə də “Qarabağ”ın sayəsində yetişən, inkişaf edən, beynəlxalq oyun təcrübəsi qazanan, həmçinin ölkə xaricində yetişən Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşov və başqalarının olduğu potensiallı bir komandamız var. Bu komanda Estoniyaya uduzacaq qədər zəif deyil. Əldə olanla ən yaxşısına nail olub yeni strategiya işləmək lazımdır. Yalnız yeni strategiyanı gözləyib bu günü, illəri silmək, yola vermək olmaz, mümkünsüzdür.

Nəticə niyə yoxdur? Lütfən, kapitan sarğısı ilə bağlı qalmaqalları araşdırın, Şeydayev – Mahmudov davasını, Abbas Hüseynov – Bədavi Hüsynov seçimlərinin pərdəarxasına diqqət edin. O zaman millidə hansı qruplaşmaların olduğunu, nəticəsizliyin həm də bundan qaynaqlandığını görəcəksiz.

Tok-şounun təşkil edildiyi gün “Lerik” yolpulu tapmadığı üçün Bakıya oyuna gəlmədi, dünən isə “Füzuli” meydana buraxmağa 11 futbolçu tapmayıb darmadağın oldu. Bu problemlər Elxandan qalsa da, həlli sizdən asılıdır və çətin deyil. Sözügedən II Liqa klublarına ilə 50 min manat ayrılır. Bu, aya 5 min manat deməkdir. Sıradan AFFA məmurunun, İcraiyyə Komitəsi üzvünün həftəlik cibxərcliyi, Premyer Liqa oyunçularının yarım aylıq maaşı, faydasız legionerlərin həftəlik əməkhaqqıdır. Siz isə Regional Federasiyanın namizədi kimi region komandasının 5 min manatla ayda 20-25 nəfəri dolandırmasını, 2-3 dəfə səfərə çıxmasını gözləyirsiz. Say artırmaqla deyil, keyfiyyət də artmalıdır. Çempionatın, milli komandanın inkişafı həm də aşağı liqaların güclənməsindən keçir. Bu işlər aylıq 5 min manatla olmur.

“Pul yoxdur” deməyin, cənab Fernandu Santuşun aylıq maaşı II Liqa klublarına ayrılan maliyyənin dörd qatıdır və bu məşqçi 4 oyuna 4 məğlubiyyət alıb. Milli komandaya yüksək ödənişli məşqçilərin gətirilməsini buna görə istəmirdik. Sənin komandaların çempionat oyununa getməyə yolpulu tapmır, sən isə büdcəni onlara yox, nəticə verməsi mümkünsüz olan portuqaliyalıya sərf edirsən. Öncə çempionatı qaydasına salın, uşaq futbolunu inkişaf etdirin, infrastrukturu düzəldin, o həddə çataq ki, yerli məşqçilər milliyə rəhbərlik etmək gücündə olmasın, daha güclü mütəxəssisə ehtiyac duyulsun, o zaman lap Xosep Qvardiolanı gətirin.

İşə bünövrədən yox, damdan başlayısansa, o dam mütləq başına uçmalıdır. “Lerik”lə “Füzuli” bönövrədir, Santuş sağlam olmayan təməl üstündə ucaldılan dam.

Birdən “klublara pul ayırmaq borcumuz deyil” deyərsiz. Nəbadə! Azad reklam bazarı, sahibkarlara şərait yaradılması, rəqabət mühiti, monopoliya – bir çox termindən istifadə edərəm, İqtsadiyyat Nazirliyi qarışar, sizin də xətrinizə dəyər. Futbol Azərbaycanda sosial layihədir və hamını yerbəyer etmək borcunuzdur. Dövlət saysız problemlərə rəğmən, bu sahəyə qayğını azaltmır, kifayət qədər büdcə ayırır. Maliyyənin tənzimlənməsi, düzgün istiqamətləndirilməsi problemdir. Pulun böyük hissəsi perspektivdə faydası olmayacaq əcnəbilərə xərclənir, təməl prinsiplər yaddan çıxır. Halbuki “Lerik”, “Füzuli”, digər aşağı liqa klubları elə təmin olunmalıdır ki, peşəkarlaşsınlar, milli komandaya kimi yüksələcək gənclər hazırlasınlar.

Sonda verilişdə etiraflar edən İlqar Qurbanov haqda da bir-iki qeydim var. Belə adamlara çox güvənməyin, keçmişini araşdırın, bu gün niyə danışdığına diqqət edin. O, futbolumuzun Elxan Məmmədovdan da qorxulu bəlası olan Riad Rəfiyevi nəzərdə tuturdu və düz deyirdi. Amma əmin olun ki, sabah sizin indi buraxdığınız səhvləri də sizdən sonrakı komandada yer alanda dilə gətirəcək. Bir qrup adam var ki, hamıyla işləyir, onları tərifləyir, dövran dəyişəndə özünü futbol təəssübkeşi kimi göstərərək “mən demişdim” deyir. Dedikləri 100 faiz doğrudur, sabah deyəndə də doğru olacaq, onun ağzını yummayın, amma sabah sizdən də eyni şəkildə danışmaması üçün düzgün işləyin.

Qurbanov hələ məmur kimi yetişməyib. Yaşıl meydandan birbaşa rəhbər posta gəlməsinin nəticəsidir ki, açıqlaması diplomatik, ölçülüb-biçilmiş olmadı. Qurban Qurbanovun dünənki mətbuat konfransına diqqət yetirin. İlqar bəy əslində Rəfiyevin gətirdiyi komissiya haqqı kimi yüzminlər aldığı məşqçilərə sifariş verdiyini nəzərdə tuturdu, amma ümumiləşdirərək “indiyədək həmişə belə olub” dedi. “Hamı”nın içərisində Qurbanov da var idi və bu açıqlamanı milyonları götürüb aradan çıxmış Canni de Byazi, Robert Prosineçki, Nikola Yurçeviç, Berti Foqts yox, ən təmiz işləyən Qurban bəy cavablamalı oldu. Hansı ki, yığmanın baş məşqçisi olan kimi ilk işi Rəfiyevi rədd etmək olmuşdu, amma situasiya elə fırlandı ki, tapşırıqla işləyən əcnəbilər yox, Qurbanov hədəfə gəldi. İlqar bəyin sözü ağzında bişirib çıxarmamasına görə…

Hörmətli Balakişi Qasımov, bu yazı sanki sizinlə virtual söhbətə çevrildi. Sizin ön plana çıxmağınızın bir səbəbi futbolda doğru islahatlar üçün şəxsinizə olan ümidimdən, ikincisi məlum verilişdən hiss etdiyim niyyətdəndir. Yazılanları Azərbaycanı canından çox istəyən, onun hər sahədə öndə olmasını diləyən təcrübəli jurnalistin uğurlu olmağını istədiyi başqa bir müsbət imcli insana irad-məsləhəti kim qəbul edin. Sağlam tənqid uğurun açarıdır, yetər ki, diqqət edilsin. Qeydlərimi analiz edin və “Sabaha saxlamayın”…

VÜSAL MAHMUDOV

Shares: