Rumıniya yığmasında çıxış edən ukraynalı şahmatçı Kirill Şevçenko 1 il müddətinə diskvalifikasiya olunub.

Futbolinfo.az xəbər verir ki, qrossmeyster İspaniyanın Melilla şəhərində keçirilən komanda çempionatında telefondan istifadə edərkən yaxalanıb.

Şevçenko turnirdə iki matç keçirməyi bacarıb. İkinci partiyada ispaniyalı Fransisko Valyexonu məğlub etdikdən sonra o, yarışlardan kənarlaşdırılıb. Ukraynalı son oyunda təşkilatçılar və rəqibi tərəfindən fırıldaqda şübhəli bilinir. Şübhələr Kirillin tez-tez oyun zalının kənarında yerləşən tualetə getməyinə görə yaranıb.

Tualetə baş çəkmək hakimin xəbərdarlığından sonra da davam edib. Turnirin baş hakimi Oskar Bruno de Prado Rodriqes təşkilatçılardan araşdırma aparmağı xahiş edib. Şevçenkonun daim daxil olduğu kabinədən mobil telefon tapılıb.

“İstintaq zamanı bu şahmatçının FİDE qaydalarını pozaraq mobil telefondan istifadə etməsi ilə bağlı toplanmış sübutlar fonunda aşağıdakı sanksiyalar tətbiq edilir: əvvəllər oynadığı iki partiyada məğlubiyyətin verilməsi və Kirill Şevçenkonun yarışdan kənarlaşdırılması. Bu, nizam-intizam qaydalarının çox ciddi pozuntudur”, – deyə Oskar Bruno de Prado bildirib.

Beynəlxalq Şahmat Federasiyası araşdırmaya başlayıb və şahmatçını 2025-ci il yanvarın 1-dək yarışlardan uzaqlaşdırıb.

Shares: