İspaniyanın Əndəlüs bölgəsində yerləşən Malaqa şəhərinin yaxınlığında keçirilən triatlon üzrə dünya çempionatının finalı iki nəfərin ölümü ilə nəticələnib.
Futbolinfo.az xəbər verir ki, veteranların yarışında 75 yaşlı meksikalı Rocer Mas Kolomber və 57 yaşlı britaniyalı Mark Con vəfat edib.
Hadisələrin şahidi olan idmançılar xilasetmə xidmətlərinin qeyri-peşəkar fəaliyyətindən şikayətlənirlər. Turnirin təşkilatçıları başsağlığı versələr də, mükafatlandırma mərasimləri zamanı bir dəqiqəlik sükutla məhdudlaşaraq çempionatı dayandırmayıblar. Xatırladaq ki, bu il triatlon və krossfit yarışlarında 15 nəfər həyatı ilə vidalaşıb.
Meksika Triatlon Federasiyası sosial şəbəkələrdə ölkəsini bir çox yarışlarda təmsil edən fədakar idmançının vəfatından kədərləndiyini bildirən bəyanat yayıb. Bu bəyanatın yayılması ilə eyni anda yarışın qaçış hissəsi zamanı Britaniya təmsilçisinin ölməsi xəbəri gəlib. Yarış zamanı yıxılan idmançını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir gündə iki ölüm Ümumdünya Triatlon Birliyi üçün ciddi zərbədir, çünki İspaniyanın cənubunda keçirilən turnir böyük miqyasda keçirilib və həvəskarlardan tutmuş elitaya qədər bir çox idmançını, həmçinin veteranları, gəncləri və paratriatlonçuları cəlb edib.
“Dərin kədər hissi ilə bildiririk ki, Torremolinosda keçirilən Sprint Triatlon üzrə Dünya Çempionatında biri Meksika, digəri Böyük Britaniyadan olmaqla iki idmançı dünyasını dəyişib. Onların ailələrinə, dostlarına, milli federasiyalarına və bütün triatlon ailəsinə dərin hüznlə başsağlığı veririk”, – deyə Beynəlxalq federasiyanın bəyanatında deyilir.