“Neftçi” cari mövsümdə Misli Premyer Liqasında ilk qələbəsini qazandı. Azarkeşlər bunu 10 tur gözlədi.

Roman Qriqorçukun baş məşqçisi olduğu dönəmdə tam bir xaos yaşanan komandanın oyunundakı fərq ilk matçdaca göründü. Samir Abasov, sadəcə, fərqli heyət seçdi, futbolçuları qələbəyə köklədi, oyun planında kiçik dəyişikliklər etdi və qələbə qazanıldı.

Əslində, “Səbail”lə matçın ilk hissəsi o qədər də yaxşı alınmadı. Futbolçular uğursuz startın psixoloji təzyiqini üstündə hiss edirdi. Bu da yaxşı qapanan, təhlükəli əks-hücumlar edən qonaqların işinə yarayırdı. Amma Abasovun ehtiyatda saxladığı, Rəhman Hacıyevin zədələnməsindən sonra meydana çıxan Ramil Şeydayev fasiləyə saniyələr qalarkən ələ düşən fürsətdən yararlanınca vəziyyət dəyişdi.

İkinci hissədə daha rahat oynayan “Neftçi”, rəqibin dişsizliyindən da faydalanaraq fərqi böyütdü, azarkeşləri ilə barışdı. Son dəqiqələrdə azlıqda qalan meydan sahiblərinin buraxdığı top isə komandanın meydandakı rəqibini üstələyib 8-ci pilləyə yüksəlməsinə mane olmadı.

Abasov qısa müddətdə çox şeyi dəyişə bilməyib. Lakin onun komandadan başqa futbol istədiyi göz önündədir. Futbolçular rəqibə daha çox təzyiq edir, meydanın hər qarışı uğrunda mübarizə gedir və hücuma diqqət daha çoxdur. Hələlik fiziki hazırlığın aşkar hiss edilən şəkildə qaydasında olmaması problem yaradır. Zamanla bu da yoluna düşəcək.

Lakin Abasovun xilaskar olduğunu demək üçün tezdir. Autsayderlərdən “Səbail” üzərində qələbə ilə komandaya qiymət vermək olmur. Əsl imtahan növbəti turda “Sabah”la qarşılaşmadır. Qış fasiləsində isə heyətlə bağlı dəyişikliklər qaçılmazdır. Samir bəy dünən göstərdi ki, bir çox futbolçular ona lazım deyil. Eyni zamanda yerli oyunçu potensialı düzəlməlidir. Abasov sırf limit üzündən bəzi seçimləri məcbur etmişdi.

“Neftçi”nin daxili problemləri həll etməsi də vacibdir. Emin Mahmudovla Ramil Şeydayev arasında küskünlüyü aradan qaldırmaq ümumi uğur üçün vacib şərtdir. Bir çox digər oyunçunu da ümumi uğur üçün yumruq kimi birləşdirmək gərəkəcək. Bəlkə də “Neftçi” tarixinin ən gənc kapitanı olan Rza Cəfərovun bu yükü daşıya bilmədiyi aşkar göründü. Abasov mətbuat konfransında özü də etiraf etdi ki, bu, müvəqqəti seçimdir və sarğının daimi sahibini qarşıdakı günlərdə müəyyənləşdirəcək.

Bu məğlubiyyət “Səbail”i yenidən narahatlığa qərq etdi. Şahin Diniyevin yetirmələri autsayderlər qrupundan çıxa bilmir və hər an sonuncu olmaq həyəcanı yaşayır. Komanda hər tur qol vurur, amma müdafiə xətti daha etibarsızdır, toya hazırlaşan qapıçı Hüseynəli Quliyev tordan top çıxarmağa vərdiş edib, yalnız “Kəpəz” daha pis göstəriciyə malikdir.

6713d65b5e0ff75 - Futbolinfo.az

“Neftçi” azarkeşləri dünənki qələbədən məmnun qaldı. Onlar təkcə nəticədən yox, yenicə təmirdən çıxan 8-ci kilometr stadionunun tribunalarından da razıdır. Klub rəhbərliyi onların istəyinin nəzərə alaraq sol qapının arxasındakı tribunların oturacaqlarını ləğv edib, fanatlar bütün matçı ayaqüstə dayanaraq komandanı dəstəkləyəcək. Siftə uğurlu oldu, davamını gözləyək.

ABBAS

Shares: