“Araz-Naxçıvan”ın süni şəkildə üst pillələrə dartılması davam edir. Komandanın hakimlərin köməyi olmadan qalib gəldiyi matç yoxdur.
Nəticələr Elmar Baxşıyevin yetirmələrinin yaxşı oynadığı görüntüsünü yaradır. Lakin cari mövsümü izləyənlərkomandanın harada və nə vaxt fit sahiblərindən dəstək aldığını gözəl bilir. Muxtar respublika təmsilçisi çətinə düşən kimi onları vəzyyətdən çıxaran tapılır.
Naxçıvanlılar həqiqətən güclü və liderlər qrupunda olmağa layiq komandadırsa, dünən birnəfəsə qalib gəlməliydi. Amma Şamaxı səfərində Baxşıyevin yetirmələri əcəl təri axıtdı. Meydan sahiblərinin 6 əsas heyət üzvü zədə və cəza üzündən kənarda qalsa da, müxtəlif mövqelərdə oynayan gənclər qonaqlara futbol dərsi keçdi.
Düzdür, qol qaydalar çərçivəsində vuruldu. “Şamaxı” çoxsaylı şansları boşa verdisə, “Araz-Naxçıvan” ilk fürsətdəcə hesabı açdı. Lakin matçı son dəqiqələrində təzyiqi artıran meydan sahiblərinin hesabı bərabərləşdirməsinə hakimlər imkan vermədi.
Matçdan sonra baş məşqçi Ayxan Abbasovun üsyanı penalti epizoduna idi. Çalışdırıcı tam haqlıdır. Leroy Mikelsin qapı önünə ötürməsi zamanı rəqib müdafiəçi topa əllə toxundu və naxçıvanlıları qorumaq tapşırığı alan baş hakim Fərid Hacıyevin fiti yenə susdu. Halbuki penalti təyin olunsaydı, oyunun nəticəsi tam fərqli olacaqdı.
Hakimlər Komitəsinin sədri Frank de Blekerin bu epizodu necə şərh edəcəyini maraqla gözləyirik. VAR-ın tətbiq olunduğu görüşdə epizoda baxmamaq, şamaxılıların haqqına girmək utancvericdir. Müdafiəçinin əlləri yanında olsa da, faktiki bədənini genişləndirmiş, eyni zamanda zərbənin qarşısını almışdı.
Bu, son Avropa çempionatında baş tutan İspaniya – Almaniya matçını xatırlatdı. Həmin görüşdə almanların layiq olduğu penalti verilməmiş, ispanlar qələbə qazanmışdı. Yaxınlarda isə FIFA həmin anda hakimin səhv etdiyini bildirib rəsmən üzr istədi. Görünür, bu nümunəni de Bleker yetirmələrinə izah etməyib. Və ya “Araz-Naxçıvan”la oyunların öz qaydaları var.
Hər halda, bir komandaya qarşı bu qədər aşkar üzgörənlik digərlərinin haqqına girməkdir. AFFA rəhbərliyinin nəhayət, komitəyə nəzarət edəcəyi günü gözləyirik.
FƏRİD