“Emin Mahmudov kimi təcrübəli futbolçuya qarşı oynamaq çox çətin idi”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Nihad Quliyev “Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyun haqda danışarkən deyib.
Müdafiəçi birinci dövrənin fasiləsindən yetəri qədər istifadə etdiklərini bildirib:
“Bizim üçün çox çətin oyun keçdi. Rəqibimiz illərin komandası “Neftçi” idi. Öncədən də ağır matç olacağını düşünürdük. Emin Mahmudov kimi təcrübəli futbolçuya qarşı oynamaq çox çətin idi. Artıq ikinci dövrəyə start vermişik. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirərək birinci dövrənin fasiləsindən bacardığımız qədər istifadə etməyə çalışdıq. Ümid edirəm ki, zamanla stabil çıxış etməyə, qələbələr qazanmağa başlayarıq. Qarşıdakı turda rəqibimiz “Sumqayıt”dır. Meydanda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi keçər”.
GÜNAY SÜLEYMANOVA