ABŞ və Kanada komandalarının mübarizə apardığı MLS-də “İnter Mayami” öz meydanında “Nyu-İnqlend Revolüşn”ı darmadağın edib.

Futbolinfo.az xəbər verir ki, matçda ümumilikdə 8 qol vurulub.

Qalib komandanın heyətində argentinalı Lionel Messi het-trikə, uruqvaylı Luis Suares dubla imza atıb, amerikalı gənc yarımmüdafiəçi Benjamin Kremaski isə bir qol vurub. Eyni zamanda Messi və Suares müvafiq olaraq bir və iki məhsuldar ötürmə ilə yadda qalıblar.

Qonaqların heyətində isə Luka Lanqoni və Dilan Borrero qol vurublar. Qonaqların 40-cı dəqiqəyədək davam edən iki top fərqi ilə üstünlüyünə baxmayaraq, artıq 89-cu dəqiqədə tablodakı hesab 6:2 olaraq dəyişib.

Qeyd edək ki, bu, “İnter Mayami”nin MLS-in müntəzəm çempionatında son oyunu olub, burada komanda vaxtından əvvəl çempion olaraq pley-offa vəsiqə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp