“Təcrübəli futbolçularımız var, amma say azdır, onları əvəz edənlər yoxdur. Nəticədə meydana tam şəkildə komanda buraxa bilmədik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Füzuli” klubunun meneceri Rəşad Babayev deyib.
O, bütün füzulilərə çağırış edərək klubu xilas etməyə dəvət edib: “Son turda “Göygöl”lə oyuna 10 nəfərlə çıxmağımızın ciddi səbəbləri var. Maliyyə vəziyyətimiz yetərli olmadığı üçün bəzi futbolçularımız başqa sahələrdə işləyir və həftəiçi olduğuna görə onlar işlədikləri yerlərdən icazə ala bilmədilər. Əsas heyətdən bir neçə futbolçumuz xəstədir. Onları qızdırmalı halda oyuna buraxa bilməzdik. Əvvəlki matçlarda qırmızı, sarı kart alıb cəzalananlarımız var idi. Nəticədə meydana tam şəkildə komanda buraxa bilmədik. Əlbəttə, bu, bizim problemimizdir və həqiqətən vəziyyətin bu həddə qədər pisləşməsi bir futbol adamı kimi məni çox sarsıdıb. Amma 10 nəfərlə də olsa, 0:9 hesabıyla uduzmağı komanda olaraq özümüzə yaraşdırmadım. Heyətimizdə təcrübəli futbolçular var, amma bu, yetmir, əskiklərimiz də çoxdur. Bunun da sıxıntılarını yeni mövsümdə artıqlaması ilə çəkirik. Buna baxmayaraq, növbəti oyunlara köklənməliyik. “Füzuli” bu vəziyyətə düşəcək klub deyildi. Fürsətdən yararlanıb bütün füzulililərə çağırış edirəm: “Gəlin, “Füzuli”ni xilas edək”.
Rəşad bəy ötən mövsümün sonlarından ciddi maliyyə problemləri yaşadıqlarını bildirib: “Ötən mövsümün sonlarından ciddi maliyyə sıxıntıları yaşayırıq. Elə bu səbəbdəndir ki, ötən il çempionluğa oynayan komandamızın bütün futbolçuları mövsüm bitən kimi başqa komandalara transfer olundular. Onları saxlaya bilmədik. Uşaqlara və başqa yerlərə hələ də xeyli borcumuz qalıb. Sponsor tapa bilmədik deyə, komandamızı istədiyimiz formada komplektləşdirə bilmədik. Sponsor və tərəfdaşlıqla bağlı xeyli müraciətlər etmişik, söz verənlər var, amma real iş görən yoxdur. Təəssüf hissi ilə qeyd ediərəm ki,135 minlik Füzuli rayonunda İkinci Liqada bölgəmizi peşəkar səviyyədə təmsil edən yeganə kluba ürək yandıran yoxdur. Halbuki kimi dindirirsən, futbolumuzun niyə inkişaf etməməsindən şikayətlənir. Əlini ağdan qaraya vurmaq istəməyən adamların işi ancaq gileylənmək, şikayət, tənqid etməkdir. Dəstək vermək məsələsi gələndə hamı qaçır. Füzuli rayonunun işğaldan sonra bərpası və yenidən qurulması işlərində onlarla böyük şirkət layihələr icra edir. Tenderlərin qiyməti yüz milyonlarladır. Bu şirkətlərin hər biri, heç nə yox, illik 15-20 min manat pul ayırsa, “Füzuli”nin çempionatda layiqli çıxışına nail ola bilərdik. Əvəzində həmin şirkətlərə forma sponsorluğu təklif edirik. Bundan başqa, Füzulinin özündə irili-xırdalı onminlərlə obyekt işləyir, hərəsi illik planda 100-150 manat ianə ayırsa, işləri qaydasına salmaq olar. Şəxsən bilirəm ki, istər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda Füzulidən olan yüzlərlə, bəlkə minlərlə iş adamı, imkanlı biznesmen var. Klubumuzdan az-çox xəbərləri var. Amma kimsə yaxın durmur, kimsə əlini daşın altına qoymaq istəmir. Rayonun nə icra hakimi, nə deputatı bu işdə bizə yardım edir. Mən son iki ildə komandamızın ətrafında baş verən bütün olaylara şahidlik eləmişəm deyə, bu qədər əmin danışıram. Amma futboldan söz düşəndə, hamı professora çevrilir, bilən də danışır, bilməyən də”.
GÜNAY SÜLEYMANOVA