“Qarabağ” qələbələri sıralayır, əsas rəqibləri hər tur xal itirir. Sürpriz liderlərin də uğurlu çıxışa davam etməsi ilə yuxarı pillələrdə sıxlıq yaranıb. Düzdür, ağdamlılar çox uzağa gedə bilməyib, amma izləyicilərinin imkanlarını müqayisə etsək, çempion indidən bəllidir.

Dünən üz-üzə gələn “Zirə” ilə “Sabah” uzun müddətdir bir-birini səfərfdə məğlub etməklə məşğul idi. Bu dəfə də eyni ssenari davam edə bilərdi. Amma qəsəbə təmsilçisi özündə güc tapıb bir xalı qopara bildi. Hesabı açan, oyunda daha üstün olan “bayquşlar” ənənəvi problemdən yaxa qurtara bilmədi. Yalnız 2 komandadan az qol buraxmış “Sabah” növbəti dəfə hesabı qorumağı bacarmadı və önəmli xallar itirdi.

Rəşad Sadıqov əvəzetmələri ilə rəqib üzərində basqı yarada bildi. Yarımmüdafiədəki dinamika artınca qonaqlar çətnlik çəkməyə başladı və hesab bərabərləşdi. Krunoslav Renduliç hücum xəttini zəflədib hesabı qorumaq istəyincə zirəlilər daha da cəsarətləndi və qol məhz 3-cü mərkəz müdafiəçisi kimi meydana buraxılan Sofian Çaklanın uğursuz toxunuşundan sonra vuruldu. Qonaqlar hücumlara davam etsəydi, bəlkə də fərqi artıracaqdı, amma…

Əslində, oyunun gözlənilən nəticəsi məhz bərabərlik idi. Komandaların gücünü nəzərə alsaq, güzəştsiz mübarizə gözlənilirdi. Qələbə qazanan irəli doğru ciddi addım atacaqdı. Heç-heçə həm hər iki komandanın yuxarı pillələrdən qopmamasına kömək etdi, həm də xal bərabərliyini təmin etdi. Əvəzində “Turan Tovuz” və “Araz-Naxçıvan” ciddi şəkildə fərqiartırdı.

Turun bağlanış matçında meydana çıxan tovuzlular Vaqif Cavadovun baş məşqçi kimi debütünü korladı. 28-ci dəqiqədə artıq hesab 3:0 idi, bu nəticəni ümumi qələbəyə çevirmək Kurban Berdıyev kimi usta məşqçi üçün asan vəzifə oldu. 90 dəqiqənin btimində qərblilərin 2-ci pilləyə yüksəldiyi aydınlaşdı.

Samir Abasovun gedişi bəlkə də “Sumqayıt”ın sonu oldu. Cavadov kimi təcrübəsiz biri komandanı böhrandan çıxarmaq gücündə deyil. “Kəpəz”lə “Səbail” azca toparlansa, “kimyaçılar” zirzəmiyə enəcək. Mövsümün qalan hissəsində oradan qurtulmaq çətin başa gələcək. Klub rəhbərliyi yeni baş məşqçini nə qədər tez tapsa, bir o qədər faydalıdır. Normal heyət, imkanlar var, Abasovun zəhmətini boşa verməmək üçün komandanı normal idarə edəcək həqiqi mütəxəssis gərəkdir.

“Turan Tovuz”a gəlincə, Berdıyev maksimuma nail olub. Nəticəyə hesablanan taktika özünü doğruldur. Qərblilər qışa kimi ilk üçlükdə qala bilsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə ciddi üstünlük qazanacaqlar. Əsas rəqiblərə uduzmamaq, zəiflərə xal verməmək – bu, “Qarabağ”ın izləyicisi olmaq üçün kifayət edir.

FƏRİD

Shares: