Portuqaliyanın qadınlardan ibarət millisinin futbolçusu Karolina Mendeş Avropa çempionatının pley-off mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu rəqibə hörmətlə yanaşdıqlarını bildirib. O, Azərbaycan yığmasına yuxarıdan aşağı baxmadıqlarını sözlərinə əlavə edib: “Biz reytinqə baxaraq hərəkət etmirik. Olduğumuz yerə də oyunumuzla gəlmişik. Meydana daxil olanda reytinq sıralaması heç bir rol oynamır. FIFA reytinqində bizim 22-ci, Azərbaycanın isə 75-ci olması heç nəyi demir. Azərbaycanı dəyərləndirməmək səhv olar”.
Mendeş mərhələ adlayacaqlarını inandığını vurğulayıb: “Bakıdan mümkün olan ən yaxşı nəticə ilə dönmək üçün yüksək səviyyədə hazırlaşırıq. Vizeladakı cavab matçında da növbəti mərhələyə vəsiqəni təmin edəcəyik. Azarkeşlərdən xahiş edirəm ki, oktyabrın 29-da Vizeladakı cavab görüşündə bizi dəstəkləməyə gəlsinlər”.
Qeyd edək ki, oktyabrın 25-də “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Portuqaliya qarşılaşması saat 16:00-da başlayacaq.