“Biz bir həftə idi taktiki və psixoloji olaraq bu oyuna hazırlaşırdıq. Mən komandamız adına çox şadam ki, qələbə qazana bildik”. Bu sözləri “Nürnberq”in hücumçusu Mahir Emreli deyib.

Almaniya 2-ci bundesliqanın 9-cu turunun “Qroyter”ə qarşı keçirilən derbi oyununda (4:0) sonra millimizin hücumçusu klubun mətbuat xidmətinə açıqlamasına verib: “İndi biz qələbəni bayram edə bilərik. Sabahdan isə növbəti matça köklənməliyik”.

27 yaşlı futbolçu 13-cü dəqiqədə 25 metrdən vurduğu gözəl qolla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. Bu barədə də danışan Emreli bildirib: “Qol vurmaq xoşuma gəlir. Yəqin ki, bu, karyeramda vurduğum ən gözəl qollardan biridir. Amma ən vacibi derbidə qazandığımız qələbədir”.

Mahir Almaniyada ilk dəfə derbi matçına çıxması barədə də fikirlərini bildirib: “Belə oyunlar xoşuma gəlir. Mən bir çox derbidə oynamışam. Həmişə emosiyalar olur. Bu matçlar bir qədər fərqlidir. Azarkeşlərə bu gün qələbə bəxş etmək sözlə ifadə edilməyəcək hisslərdir”.

Mahir 62-ci dəqiqədə Benjamin Qollerlə əvəzlənib. Bu qələbə sayəsində “Nürnberq” xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.

Shares: