Misli Premyer Liqasının 2024-25 mövsümündə meydana çıxan futbolçu sayı 232-yə çatıb.

Futbolinfo.az saytının məlumatına görə, 10-cu turda daha 6 oyunçu mövsümdə ilk matçını keçirib.

“Səbail”in 20 yaşlı müdafiəçisi Emin Rüstəmov və “Şamaxı”nın 19 yaşlı yarımmüdafiəçisi Fəxri Məmmədli ilk dəfə Azərbaycan çempionatında meydana çıxıblar. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Sezar Meza Kolli və “Zirə”nin hücumçusu Yusuf Laval isə Premyer Liqamıza tanış simalardır. Meza Kolli daha əvvəl “İnter”/“Keşlə”, “Zirə” və “Neftçi”nin, Laval isə “Neftçi”nin formasını geyinib.

“Sumqayıt”da isə müdafiəçilər Ayxan Süleymanlı ilə Miloş Miloviç cari mövsüm ilk dəfə mübarizə aparıblar. Süleymanlı ötən mövsüm də Premyer Liqa matçlarında yer alıb. Monteneqrolu Miloviç isə çempionatımızda debüt edib.

Meza Kolli cari mövsüm Premyer Liqanın ilk paraqvaylısıdırsa, Laval Nigeriyanın dördüncü nümayəndəsidir. “Zirə”də Lavalın həmyerlisi İbrahim Abbas da var. Həmçinin “Turan Tovuz”da Otto Con, “Sabah”da isə Cesse Sekidika Afrika ölkəsinin təmsilçisidir. Miloviçlə yanaşı, hazırda Premyer Liqada daha 4 monteneqrolu var. Bunlar Marko Yankoviç, Marko Veşoviç (“Qarabağ”), Edvin Kuç (“Neftçi”) və Nikola Vuynoviçdir (“Sumqayıt”).

Shares: