Arif Əsədovun vidasından sonra A milli komandamızda yerli məşqçi çalışmır. Baş məşqçi Fernandu Santuşun axtarışda olduğu deyilsə də, bugünədək təyinat olmayıb.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AFFA rəhbərliyi ilə məsləhətləşmədən sonra yeni köməkçisini seçmək niyyətindədir. Onun böyük iddiası olmayan, köməkçi olmaqla barışacaq biri ilə işləməsi gözlənilir. Əsədovla yollar məhz bu üzdən ayrıldı. Arif bəy komandaya əvəzedici kimi 6 ay rəhbərlik etmişdi və zaman göstərdi ki, nəticələri Santuşdan daha yaxşıdır.

AFFA rəsmiləri artıq bu posta seçimini edib. Hazırda U-19 millimizə rəhbərlik edən Elxan Abdullayev Santuşa köməkçi olacaq. 19 yaşlılarla müqaviləsi tezliklə bitəcək məşqçi əsas komandaya keçəcək. Sözügedən post məhz onun üçün boş saxlanılır.

Dəfələrlə bu vəzifədə işləmiş Abdullayevi yenə “gözəgörünməz qüvvələr” iş başına gətirir. Heç bir uğuru olmayan, U-19-la da fiaskoya uğrayan Elxan bəy AFFA-dakıların sevimlisi olmaqda davam edir. Sanki Azərbaycanda başqa məşqçi yoxdur.

Shares: