“Sumqayıt”da baş məşqçi əvəzi kimi çalışan Vaqif Cavadov qaydaları pozmayıb. Onun dünən “Turan Tovuz”la qarşılaşmada mətbuat konfransına qatılmağa ixtiyarı var idi.
Bildiyiniz kimi, Premyer Liqada baş məşqçilərin PRO kateqoriyalı olmasını gərəkdirən tələb var. Ən pis halda köməkçilərdən birinin belə kateqoriyası olmalıdır, protokola onun adı yazılmalıdır. Samir Abasov köməkçiləri ilə birlikdə “Neftçi”yə keçəndən sonra “kimyaçılar”da PRO-su olan kimsə qalmayıb.
Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov hazırda bu məsələnin problem yaratmadığını deyir: “Vaqif Cavadovun A kateqoriyası mövcuddur. Bu, ona Premyer Liqada baş məşqçi işləmək üçün şərait yaradır. Əgər klub həm də avrokuboklara lisenziya iddiaçısıdırsa, o zaman Cavadovun Pro kursuna müraciəti və eyni zamanda bu prosedura rəsmi şəkildə start verməsi lazımdır. Lisenziya qaydalarına əsasən klubun bu prosedurları rəsmi şəkildə icra etməsi üçün 60 gün vaxtı var. Yəni, indiki məqamda Cavadovun qaydalarla baş məşqçi olmasında hər hansı bir əngəl yoxdur”.
“Sumqayıt” qış fasiləsində yeni baş məşqçi gətirmək niyyətindədir. Güman ki, bu postu ukraynalı Yuri Maksimov tutacaq. “Kimyaçılar”ın qarşıdakı iki ayı Cavadovla keçirmək, daha sonra yeni təyinat reallaşdırmaq planı aydın görünür.