Misli Premyer Liqasında ikinci dövrə start götürdü. Çempionatın 10-cu turu bir çox məqamlarla yadda qaldı. Turun 5 oyununda qapılara ümumilikdə 18 qol vuruldu.

“Qarabağ” üçün Tovuz gəzintisi

Turun açılış matçı darmadağınla yadda qaldı. Tovuzda “Kəpəz”in qonağı olan “Qarabağ” gözlənildiyi kimi, rahat qələbə qazandı. 17-ci dəqiqədə Abbas Hüseynov və Abdullah Zubirin iştirakı ilə qurulan hücumun yekununda Emmanuel Addai topu boş qapıdan keçirdi.

İkinci hissədə Ağdam klubu təzyiqi bir qədər də artırdı. Bunun məntiqi nəticəsi olaraq, qonaqlar ardıcıl qollar vurmağa başladılar. Əvvəlcə Leandro Andradenin ötürməsini Aleksey İsayev dəqiq tamamladı. Bu, İsayevin “Qarabağ” forması ilə Misli Premyer Liqasında vurduğu ilk qol oldu. Cəmi 1 dəqiqə sonra isə Andrade özü fərqləndi. Toral Bayramovun ötürməsindən sonra ona yalnız topu boş qapıya göndərmək qaldı.

Ardınca qol vurmaq növbəsi Bayramova çatdı. Oyunu yüksək səviyyədə keçirən, ümumiyyətlə, son vaxtlar yaxşı formada olan Toral cərimə meydançasına daxil olaraq, Zubirin ötürməsini dəqiq zərbə ilə qola çevirdi. Toral bir qədər də sonra da səhnəyə çıxdı. O, bu dəfə dəqiq hava ötürməsi ilə Aleksey Kaşukun “Qarabağ”da ilk qolunu vurmasına şərait yaratdı. Beləliklə, “Qarabağ” səfərdə “Kəpəz”i darmadağın etdi – 5:0.

“Şamaxı”nın reallaşmayan revanş arzusu

İlk dövrədəki oyunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzan “Şamaxı” rəqibindən revanş almaq istəyirdi. Dinamik keçən qarşılaşmanın birinci hissəsində azarkeşlər qarşılıqlı hücumlara şahidlik etdilər. Ancaq nə meydan sahibləri, nə də qonaqlar fasiləyədək qol vura bildilər.

Maraqlıdır ki, ikinci hissə də eyni məcrada davam etdi. Yenə hər iki komanda hesabı açmaq üçün irəli atılır, xoşbəxtliyi rəqib qapısı önündə axtarırdı. “Şamaxı”nın heyətində Conatan Benteke əlinə düşən fürsətləri xərcləməklə məşğul idi.

Oyundakı qol həsrəti, nəhayət, 72-ci dəqiqədə bitdi. Hesabı açan isə qonaqlar oldular. Ramon Maçadonun ağıllı ötürməsindən sonra Felipe Santos cərimə meydançası daxilindən qapını dəqiq nişan aldı.

Qalan dəqiqələrdə “Şamaxı” Mikels ilə hesabı bərabərləşdirməyə yaxın olsa da, onun uzaq məsafədən zərbəsinə “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram əla reaksiya göstərdi. Nəticədə meydan sahiblərinin revanş arzusu həyata keçmədi. Naxçıvan klubu ilk dövrədə olduğu kimi, yenə Ayxan Abbasovun komandasını minimal hesabla üstələdi.

Yeni məşqçi, yeni kapitan, ilk qələbə

İlk dövrədə qələbəyə həsrət qalan “Neftçi” yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında birinci oyununu evdə “Səbail”ə qarşı keçirdi. Abasovun ilk diqqətçəkən addımı gənc qapıçı, klubun yetirməsi olan Rza Cəfərova kapitanlıq sarğısını həvalə etməsi oldu. “Neftçi”dəki ilk məşqçilik dönəmindən tanıdığı Emin Mahmudova əsas heyətdə şans verən 46 yaşlı mütəxəssis əvəzində Ramil Şeydayevi ehtiyatda saxlamışdı.

Matçın əvvəlindən ərazi üstünlüyünü ələ keçirən “ağ-qaralar” hesabı açmaqda çətinlik çəkirdilər. 41-ci dəqiqədə Rəhman Hacıyev zədələndiyi üçün oyunu yarımçıq dayandırmaq məcburiyyətində qaldı. Onun əvəzinə meydana daxil olan Ramil Şeydayev isə matçdakı ilk qolun müəllifi oldu. O, birinci hissənin əsas vaxtına əlavə olunan 3-cü dəqiqədə Alfa Kontenin ötürməsindən sonra yaxın küncü dəqiq nişan aldı.

Fasiləyə hesabda üstün yollanan “Neftçi” ikinci hissədə təzyiqi bir qədər də artırdı. İkinci hissənin qəhrəmanı Dembo Darbo oldu. O, əvvəlcə Emin Mahmudovun ötürməsini qola çevirdi. “Neftçi”nin “22 nömrəsi” ardınca Ramil Şeydayevin cinahla sürətli reydindən sonra verdiyi ötürməni dəqiq tamamladı.

Matçın sonlarında meydan sahibləri azlıqda qaldılar. Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldı. Qalan dəqiqələrdə say üstünlüyündən istifadən edən “Səbail” qollardan birinin əvəzini çıxa bildi. Samir Abdullayev sol ayağı ilə cərimə meydançası həndəvərindən baxımlı qola imza atdı. Bu, qonaqlar üçün təsəllidən başqa bir şey olmadı. Beləliklə, “Neftçi” cari mövsümdəki ilk qələbəsini yeni baş məşqçisinin rəhbərliyi altında çıxdığı ilk oyundaca qazandı. Zaman ukraynalı çalışdırıcı Roman Qriqorçukla yolların ayrılmasının doğru qərar olduğunu təsdiqlədi.

“Sabah”dan 1 xal qoparan “Zirə”

“Zirə” və “Sabah” arasında keçirilən paytaxt derbisi də maraqlı alındı. Oyuna qonaqlar yaxşı başladılar və ilk dəqiqələrdən ərazi üstünlüyünü ələ keçirdilər. “Sabah” hesabı açmağa da müvəffəq oldu. 7-ci dəqiqədə Amin Seydiyevin ötürməsindən sonra Tellur Mütəllimovun zərbəsini “Zirə”nin qapıçısı Aydın Bayramov dəf etsə də, Cesse Sekidika önünə düşən topu qapıdan keçirməkdə çətinlik çəkmədi.

Hesabda geri düşən “Zirə” nə qədər çalışsa da, fasiləyədək rəqib qapısı önündə real qol epizodu yarada bilmədi. Oyundan və hesabdan narazı qalan meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov fasilədə 2 dəyişikliyə əl atdı. Pyer Zebli və Junior Martinsin əvəzinə İsmayıl İbrahimli və Yusuf Laval meydana buraxıldı.

“Qartallar”ın hücuma atılması “Sabah”a rəqibi əks-hücumlarda yaxalamaq imkanı verirdi. Belə epizodların birində Coy-Lens Mikels əlverişli fürsəti dəyərləndirə bilmədi. Ümumiyyətlə, fasilədən sonra da Rəşad Sadıqovun komandası real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. Əvəzində “Sabah”ın hücumları daha təhlükəli alınırdı.

72-ci dəqiqədə kapitan Qismət Alıyevi Giorgi Papunaşvili ilə əvəzləyən Sadıqov bunun xeyrini gördü. “Zirə” ən real qol epizodunu 90+1-ci dəqiqədə yaratdı və qurulan baxımlı hücumun yekununda məhz Papunaşvili ağıllı zərbə ilə toru silkələdi. Nəticədə “Zirə” uzun müddət hesabda geri olduğu matçdan 1 xalla ayrılmağı bacardı.

Cavadovun debütünü korlayan “Turan Tovuz”

Tura Sumqayıtda yekun vuruldu. Şəhərin eyniadlı komandası yeni məşqçisi Vaqif Cavadovun rəhbərliyi altında ilk oyununda “Turan Tovuz”u qəbul etdi.

Matç bolqollu alındı. Hesabı 16-cı dəqiqədə qonaqlar açdılar. Alexandro Serranonun cərimə meydançasının xətti üzərindən zərbəsi dəqiq alındı. Bir qədər sonra rəqibin müdafiə xəttini çaş-baş salan “Turan Tovuz”un hücumçusu Otto Con əla zərbə ilə hesab arasındakı fərqi 2-yə çatdırdı.

Çox keçmədi ki, qonaqlar 3-cü dəfə “Sumqayıt”ın qapısına yol tapdılar. Bu dəfə qol vurmaq növbəsi Veysəl Rzayevə çatdı. Onun cərimə meydançası həndəvərindən zərbəsi qarşısında meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov aciz qaldı.

“Sumqayıt” fasiləyədək qollardan birinin əvəzini çıxa bildi. Rövlan Muradovun zərbəsindən sonra dirəkdək qayıdan top Vuynoviçin önünə düşdü, o isə boş qapını nişan almaqda çətinlik çəkmədi.

“Sumqayıt”ın ikinci hissəyə daha fəal başlayacağı gözlənilsə də, “Turan Tovuz” buna imkan vermədi. Əvəzində 78-ci dəqiqədə Aleks Souza cərimə meydançası həndəvərindən hiyləgər zərbə ilə yaxın küncü dəqiq nişan aldı. “Sumqayıt” son dəqiqələrdə Kamran Quliyevin dəqiq baş zərbəsi ilə fərqi yenidən 2-yə endirsə də, meydan sahiblərinin bundan artığına gücü çatmadı. Nəticədə Vaqif Cavadovun baş məşqçi kimi Premyer Liqadakı debütü korlandı, “Turan Tovuz” isə səfərdən vacib 3 xalla qayıtdı.

FƏRİD

Shares: