“Sumqayıt” klubunun futbolçusu Kamran Quliyevin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Samir Abasovun “Neftçi”yə gedişindən başlayaq. Bunu necə qarşıladınız?

– “Neftçi”yə keçidi uğurlu olsun. Başqa heç nə demək istəmirəm.

– Samir Abasovun yerinə keçən Vaqif Cavadov ilk oyundaca sizə start heyətdə şans verdi. Halbuki Abasovun vaxtında o qədər də oynamaq imkanı əldə etmirdiniz…

– Öncə Vaqif Cavadova təşəkkürümü bildirirəm. Mənə inandı, mən də onun güvənini boşa çıxartmamağa çalışacağam. Bu cavabım həm də birinci suala aiddir. Samir Abasovun “Sumqayıt”dan getməyinə şəxsən mən sevindim. Çünki layiq olduğum, haqq etdiyim dəqiqələri mənə vermirdi. Bu sezon ən çox “Araz-Naxçıvan”la oyunda meydanda olmuşam, o da 32 dəqiqə. Qalan statistikaya baxsaq, 10 dəqiqə, 12 dəqiqə, 1 dəqiqə, 2 dəqiqə oynamışam. Bu da bir futbolçunun özünü göstərməsi üçün çox azdır. “Səbail” ilə qarşılaşmada 12 dəqiqə meydanda olmağıma baxmayaraq, qol vurdum. Vurduğum qol ayın ən yaxşı qolu seçildi. Maraqlısı o idi ki, mükafat mənə “Zirə” ilə görüşdə təqdim olundu və həmin oyunda da komandaya qol lazım olsa da, sonadək ehtiyatda oturdum. Nə isə… Xeyirlisi bu imiş. Artıq önümüzə baxmalıyıq.

– “Sumqayıt” Vaqif Cavadovun rəhbərliyi altında ilk oyunda doğma meydanda “Turan Tovuz”a uduzdu (2:4). Məğlubiyyətin səbəbini nədə görürsünüz?

– Əvvəla, ilk matçına çıxdığı üçün Vaqif müəllimi təbrik edirəm. Qələbə qazanmaq istəyirdik, heyf ki, alınmadı. Əslində, matça yaxşı başlamışdıq. Amma təəssüflər olsun ki, “Turan Tovuz”un 4 hücumu qapımızda 4 qol görməyimizə gətirib çıxartdı. Etdiyimiz səhvlərdən dərs çıxartmalı, növbəti oyunlarda daha da məsuliyyətli olmalıyıq.

– Bu görüşdə qol vurdunuz, son dəqiqələri isə bütün əvəzetmələr edildiyi üçün zədəli vəziyyətdə keçirdiniz. Öz oyununuzdan tam razı qaldınız?

– Futbolçu nə qədər çox oynayırsa, onun üçün bir o qədər rahat olur. Dediyim kimi, bu mövsüm az oynadığım üçün “Turan Tovuz”la görüşün ilk dəqiqələrində bir az çətinlik çəkdim. Amma sonra oyunum alınmağa başladı və mənə qol vurmaq nəsib oldu. Daha yaxşı təsir bağışlaya bilərəm, buna inanıram.

– Sizcə, Cavadov rəhbərliyin və azarkeşlərin etimadını doğruldaraq, baş məşqçi postunda uzun müddət qala biləcək?

– Vaqif müəllimlə keçən il əvəzedici komandada bir yerdə çalışmışdıq. Həmin vaxt Samir Abasov məni əvəzedici heyətə göndərmişdi. Səbəbini deməyəcəyəm (gülür). Orada olanda da əlimdən gələni etmişdim, ardıcıl 4-5 oyunda qalib gəlmişdik. Yəni sözüm ondadır ki, Vaqif müəllimi tanıyıram, istəklərini bilirəm. Çox həvəslidir və bu, bizə əlavə motivasiya verir. İnşallah, hər şey yaxşı olar.

– Növbəti turda “Səbail”in qonağı olacaqsınız. Bu görüşdən qələbə ilə ayrıla biləcəksiniz?

– Hər iki komandaya qələbə vacibdir. Çalışacağıq ki, gülən tərəf biz olaq. İnanıram ki, bir qələbə qazansaq, ardı gələcək.

FƏRİD

Shares: