Elxan Məmmədov Azərbaycan futbolundan əlini çəkməyib. Milli komandanın baş məşqçi postuna, AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssis gətirilməsindən müxtəlif postlara təyinatlara kimi bir çox məqamda sabiq icraçı vitse-prezidentin izi görünür. Özü Parisə qaçsa da, əlaltıları və himayədarları hələ burada suyu bulandırmaqla məşğuldur.
Bir neçə Premyer Liqa klubunda hələ də Məmmədovun kadrları işləyir. AFFA-da isə dəstənin digər üzvləri künc-bucağı doldurub, sifarişləri alıb bir-birinə dəstək olurlar. Elxan bəy varlığını klublarda olan dostlarına yardım etməklə göstərir.
Ötən mövsümün əvvəlində “Səbail”lə “Araz-Naxçıvan” hakimlərdən çox yardım gördü. Amma bu komandalar zəif olduğu üçün yardımın qarşılığını verə bilmədi. Əvəzində bütün diqqətlər daha yaxşı olan “Sumqayıt”a yönəldi. Məmmədovun sözü ilə oturub-duran bir qrup hakim və onların təyinatına cavabdeh olanlar əl-ələ verdi, birlikdə “kimyaçılar”ın qolundan tutub avrokuboka vəsiqəni təmin etdilər.
Bu mövsüm isə “stavka” “Araz-Naxçıvan”a edilb. Məmmədovun sağ əli olan Zaur Axundovun himayəsindəki klub hər tur hakimlərdən əlavə güc alır. Mövsümü incələsək, muxtar respublika təmsilçisinn bütün qələbələrinn arxasında kiçik bir qrup dayanır. “Araz-Naxçıvan”ın oyunlarına eyni adamlar təyin olunur, onlar da, bu təyinatları yazanlar da birbaşa Məmmədovun dəstəsinə qulluq edir. AFFA-nın indiki rəhbərliyi ya bu oyunları pozacaq qədər səriştəli deyil, ya da onların da maraqları üst-üstə düşür.
“Araz-Naxçıvan”a hakimlərin dəstəyi o qədər aşkardır ki, artıq bunun üçün mütəxəssis olmaq lazım deyil. Qərəzli qərarların sayı onlarcadı. Bundan başqa, komandanın bütün oyunlarında kiçik qayda pozuntularının hamısında ikili standart tətbiq edilir, rəqiblərə fərqli davranılır, onların əsəbiylə oynayırlar. Hələ növbəti rəqiblərin bir tur əvvəldən sarı və qırmızı vərəqələrlə bilərəkdən zəiflədilməsi, “Araz-Naxçıvan”la matçlara zəifləmiş halda yollanması faktları da var.
Artıq naxçıvanlılarla görüşlərdə əziyyət çəkən bütün klublar ayılıb. Başverənləri hamı başa düşüb, hazırda bir neçə klubun rəhbərliyi AFFA-ya şikayət edib. Hələlik telefon zənglər vasitəsi ilə narazılıq bildirilir, vəziyyət davam edəcəyi təqdirdə olayın böyüyəcəyinin anonsu verilir.
Son turun “Şamaxı” ilə matçında başverənlər isə AFFA-nın özünü də qarışdırıb. Son dəqiqələrdə “Araz-Naxçıvan”ın qapısına penaltinin təyin olunmaması Hakimlər Komitəsinin sədri Frank de Blekeri də çətin vəziyyətə salıb. Bakıda çox az olan, çempionat matçlarını izləməyən, bəlkə də müqaviləsindəki bəndə uyğun olaraq qurumu Belçikadan idarə edən mütəxəssis yardımçılarının hoqqalarından duyuq düşüb. O, arxasında oyunlar çevrildiyini görür. Amma maaşını alıb məsuliyyətdən qaçmaq üçün xəlvətə çəkilib.
Hər qalmaqallı turdan sonra aşkar hakim səhvlərinə görə onun epizodları şərh etdiyini görmüşdük. 10-cu turdan sonra isə o da susdu. Halbuki “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun aşkar ittihamlarından sonra belçikalı mütləq danışmalıydı. Lakin o, hakimlərin səhv etdiyini gördüyündən, yetirmələrini müdafiə etmək imkanı olmadığından susmağı üstün tutdu. De Bleker də bütün qərəzli qərarların “Araz-Naxçıvan”a xidmət etdiyindən xəbərdardır. Amma təyinatlara təsir edə bilmir, sifarişn rəhbər şəxlərdən gəldiyini görür. Onun susqunluğunu ittihamlarla razılaşmaq işarəsi saymaq olar.
CAVAD