“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk növbəti dəfə Azərbaycan klubundan ayrılması barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsi Ukrayna mətbuatına açıqlamasında 9 turluq qələbəsizlikdən sonra ayrılmağın normal olduğunu bildirib.
“Neftçi”dən təklif mənim üçün gözlənilməz olmuşdu. Həmin vaxt xarici variantları düşünmürdüm, Ukraynada qalmaq istəyirdim. Qərar vermək çox çətin idi. 4-5 gün düşündüm. Seçimimdə həlledici rol “Neftçi” ilə çempion olacağımıza və Çempionlar Liqasında iştirak edəcəyimizə ümid bəsləməyim idi. Ancaq ilk 9 turda qələbə qazanmadıqdan sonra qarşılıqlı qərarımız fərqli ola bilməzdi”, – deyə Qriqorçuk söyləyib.
59 yaşlı çalışdırıcı hələ bu ilin yayında “Neftçi”yə gəlməzdən əvvəl Ukrayna Premyer Liqasından təkliflərinin olduğunu deyib: “Həmin təkliflərlə bağlı iyunun əvvəlindən gec olmayaraq qərar verilməli idi. Avrokuboklarda çıxış edəcək “Çernomorets”də qalmağı üstün tutmuşdum. Ancaq iyunun ikinci yarısında Odessa klubu ilə bağlı planlar istədiyim kimi cərəyan etmədi və orada qalmayacağımı başa düşdüm. Adını açıqlamaq istəməsəm də, Ukraynanın yüksək liqasından təklif almışdım. Həmin komandanın avrokuboklara vəsiqə uğrunda yarışma gücü var. Ancaq mən seçimimi fərqli etdim”.
Qeyd edək ki, yay fasiləsində “Neftçi”nin “sükanı arxasına” gətirilən Roman Qriqorçuk Misli Premyer Liqasında 9-cu turdan sonra postunu tərk edib. Onu bu vəzifədə “Sumqayıt”dan ayrılan Samir Abasov əvəzləyib.